SON MƏNZİLƏ
Xalq artistləri - rejissor Mərahim Fərzəlibəyov, aktyor Nurəddin Mehdixanlı, xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı və başqaları matəm mitinqində çıxış edərək, mərhumun çoxşaxəli fəaliyyətindən, şəxsi keyfiyyətlərindən danışmışlar. Bildirilmişdir ki, 1976-cı ildən Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında çalışan Mikayıl Mirzəyev doğma teatrın səhnəsində, kino və televiziya ekranlarında bir-birindən maraqlı obrazlar qalereyası yaratmışdır. Onun Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (Cinni Musa), Səməd Vurğunun “Vaqif” (Kürd Musa), Cəfər Cabbarlının “Od gəlini” (Elxan), Hüseyn Cavidin “Topal Teymur” (şair Kirmani) tamaşalarında yaratdığı surətlər sənətkara şöhrət gətirmişdir.
Matəm mitinqində çıxış edənlər qeyd etmişlər ki, “Bir aktyorun teatrı”nı yaradan sənətkarın televiziyada Aleksandr Puşkinin “Motsart və Salyeri”, “Qaraçılar”, Hüseyn Cavidin “Azər”, Xəlil Rzanın “Məhəbbət dastanı”, Rəsul Rzanın “Qızıl gül olmayaydı...” əsərləri əsasında hazırladığı mono-tamaşalardakı əlvan obrazları yaddaşlara əbədi həkk olunmuşdur. Onun Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi Cəfər Cabbarlının “Aydın” tamaşası teatr tariximizdə layiqli yerini tutur.
Həm də mahir bədii qiraət ustası olan sənətkarın xidmətləri yüksək qiymətləndirilmişdir. Mikayıl Mirzəyev əməkdar və xalq artisti kimi fəxri adlara, Prezident təqaüdünə layiq görülmüşdür. O, iki dəfə Milli Məclisin deputatı seçilmişdir.
X X X
Xalq artisti Mikayıl Mirzəyevin cənazəsi ikinci Fəxri xiyabana gətirilərək burada torpağa tapşırılmışdır. Mərhumun ruhuna dua oxunmuş, məzarının üzərinə əklillər, gül dəstələri düzülmüşdür.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!