Sosial şəbəkələrdə yayılan videomaterialla bağlı TƏBİB-in açıqlaması
Bakı, 16 aprel, AZƏRTAC
Sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama yayıb.
TƏBİB-dən AZƏRTAC-a daxil olan açıqlamada deyilir: "Son günlərdə Gəncə şəhər sakininin koronavirus testinin nəticəsi neqativ olduğu halda Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunduğu iddiaları ilə sosial şəbəkələrdə yaydığı videomaterialla bağlı bildiririk ki, vətəndaşdan 2020-ci il aprelin 11-i və 13-də koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub.
Videomaterialda iddia edilir ki, vətəndaşa SMS sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügedən şəxs eyni zamanda, Gəncə Şəhər 6 saylı Poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşıdır. Analiz üçün nümunələr götürülən zaman, bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən, həmin şəxslərdən birinin test nəticəsi SMS vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr vətəndaşa təqdim edilib.
Ancaq vətəndaş müalicə almaqdan imtina edərək dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib".