Sosial xidmətlərin əlçatanlığının təmin edilməsi məqsədilə veb-sayt və mobil tətbiq istifadəyə verilib
Bakı, 19 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə hazırlanan www.ovladinitani.az veb-səhifəsi və “Övladını tanı” mobil tətbiqinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, nazirlik tərəfindən göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığın təmin edilməsi məqsədilə onların mobil tətbiq formasında hazırlanmasına xüsusi önəm verilir: “Agentliyin sosial sifarişləri ilə “Unudulmazlar”, “Danışan kitab”, “Surdotv.az” mobil tətbiqləri də məhz həssas əhali qruplarından olan ailələrin resurs mərkəzi rolunu oynayır”.
Sədr qeyd edib ki, “Övladını tanı” mobil tətbiqi də sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi layihəsi çərçivəsində hazırlanıb. Bildirilib ki, bu mobil tətbiq uşaqların əlilliyinin erkən aşkarlanması üçün aztəminatlı ailələrə dəstək rolunu oynayacaq: “Mobil tətbiq vasitəsi ilə valideyn 6 yaşına qədər övladının inkişaf dinamikasını qiymətləndirə, hesabatlandıra, inkişafını planlaya, inkişafı üçün tapşırıqlar əldə edə və inkişafı izləyə bilər”.
V.Behbudov, həmçinin vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün belə tədbirləri mütəmadi olaraq həyata keçirir: “Nazirliyin sosial sifarişləri ilə ixtisaslaşmış bir sıra QHT-lər tərəfindən də sosial xidmətlər göstərilir. Hazırda respublikanın 60-dan çox rayonunda bu cür sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Reabilitasiya mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsini artırmaq və valideynlərə həmin uşaqlarla davranış qaydaları öyrədilir”.
Layihə rəhbəri Rasif Dünyamalıyev isə bildirib ki, Sosial Xidmətlər Agentliyinin "Övladını tanı" layihəsinin məqsədi sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin diaqnostika alətlərinə əlçatanlığını təmin etməkdir: “Ölkədə həssas qrupa aid olan belə uşaqların valideynlərinin maarifləndirilməsi vacibdir. Həmin valideynlər övladlarının bir sıra sağlıq problemləri ilə onu, əsasən, məktəbə və ya bağçaya apararkən rastlaşırlar. Ona görə də layihənin ilkin olaraq 6 yaşa qədər olan uşaqları əhatə etməsi planlaşdırılıb. Platforma uşaq inkişafını 4 istiqamət üzrə qiymətləndirir. Uşaqların sosial inkişaf bacarıqlarını, nitq problemlərini "Övladını tanı" platforması vasitəsilə dəyərləndirmək mümkündür”.
O, həmçinin mobil tətbiqin iş prinsipi barədə də məlumat verib. Bildirib ki, valideynlər tətbiqdə qeydiyyatdan keçərək övladlarının məlumatlarını platformaya əlavə etməklə hər biri üçün “özəl otaq” yarada bilər: “Məlumatları daxil etdikdən sonra valideyn “inkişaf” bölməsinə daxil olaraq, yoxla düyməsini sıxmalı və övladının yaşına uyğun olan suallara cavab verməlidir. Tətbiq valideynin cavablarına uyğun olaraq uşağın inkişaf dərəcəsini hesablayır. Əgər uşaqda hər hansı geriləmə varsa, istifadəçiyə ona uyğun tapşırıqlar verir və inkişafın hansı sahələrdə zəif olduğu haqqında hesabat təqdim edir”.
Tətbiqin “inkişaf”, “uğur” və “resurs” bölmələrində keçirilmiş yoxlamalar, uşağın nəticələrinə uyğun tapşırıqlar, uşaq psixiatrlarına birbaşa çıxış və digər xidmətlər də təqdim olunur.
Qeyd edək ki, layihə Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Regionların Sosial İqtisadi İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən hazırlanıb.