“Sport Time” jurnalının növbəti sayı nəşr olunub
Bakı, 12 may, AZƏRTAC
İdmanın inkişafına xidmət göstərən “Sport Time” jurnalının növbəti sayı nəşr olunub. Jurnal 2018-ci ilin mart-aprel aylarını əhatə edir. Dərgidə Prezident İlham Əliyevin xalqımıza müraciəti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva barədə məqalə, Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyevlə müsahibə, MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Əbiyevin 80 illik yubileyinə həsr olunmuş yazı və bir neçə rubrika yer alıb.
Jurnalda Prezident İlham Əliyev tərəfindən dövlət xadimləri Ramiz Mehdiyevin “Şöhrət”, Fəttah Heydərovun “İstiqlal” ordenləri ilə təltif edilməsindən bəhs olunub, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun və Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin idmanla bağlı fikirləri öz əksini tapıb.
Həmçinin Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, tanınmış televiziya aparıcıları Mətanət Ağamirli və Fəxriyyə İsayeva barədə maraqlı məqalələr dərc olunub, Bakı Atıcılıq Mərkəzinin, Azərbaycan Voleybol Federasiyasının və Xüsusi Olimpiya Komitəsinin fəaliyyəti də öz əksini tapıb.
Sportinq idman növünün Azərbaycanda 10 illik fəaliyyəti də dərgidə geniş təqdim olunub.
Bundan başqa, jurnalda Azərbaycan Qol Güləşi Federasiyasının, Təhsil Respublika İdman Mərkəzinin və Şəmkir Olimpiya İdman Kompleksinin fəaliyyəti barədə ətraflı informasiyalar verilib, Türkiyə Böyük Millət Məclisinin üzvü Reşit Polatla, Azərbaycan Güləş Federasiyasının kişilərdən ibarət yığma komandasının məşqçisi, Olimpiya mükafatçısı Emin Əhmədovla maraqlı müsahibə yer alıb, “Okuklu Holdinq” İdarə Heyətinin sədri Yılmaz Okuklunun təşəbbüsü ilə Bakıda keçirilən Afrin Zəfər Festivalı barədə məqalə dərc edilib.
Poeziyasevərlər jurnalın budəfəki sayında nəğməkar şair Nazim Məmmədovun yaradıcılıq fəaliyyəti ilə də yaxından tanış ola bilərlər.