“Startup School”da növbəti dərs startaplar üçün başlanğıc maliyyənin əldə edilməsinə həsr olunub
Bakı, 19 aprel, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” ilə birgə yaratdığı “Startup School”da növbəti dərsin mövzusu “Startaplar üçün başlanğıc maliyyənin əldə olunması”na (“Bootstrapping for Startups”) həsr edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimi OSTİM Texniki Universitetinin Sahibkarlıq və Liderlik Mərkəzinin direktoru Melike Aktaş Bozkurt təqdim edib.
Təlim zamanı M.Bozkurt bildirib ki, bu kursun əsas məqsədi tələbələrin minimum kənar maliyyə və ya resurslarla biznesə başlamaları üçün onlarda lazımi bacarıqları formalaşdırmaq, həmçinin onları zəruri alətlərlə təchiz etməkdir. O, ilk dövrlərdə böyük kapital olmadan startapları biznesə çevirməyin və ümumiyyətlə, bu işə başlamağın çətinliklərini aradan qaldırmaq üçün bacarıqlı, yaradıcı və yenilikçi olmağın yollarından danışıb.
Qeyd edək ki, treninqlərin sonunda seçilən 9 layihə (komanda) “SABAH.Lab”ın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq. Xüsusi ekspertlər layihələr arasından ilk 3 yerin qalibini müəyyənləşdirəcəklər.