Stend atıcılığı üzrə muxtar respublika açıq birinciliyində 30 idmançı iştirak edib
Naxçıvan, 29 may, AZƏRTAC
Naxçıvan Atıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə yarış keçirilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, idmançılara vətənpərvərlik ruhunun aşılanması, asudə vaxtlarının səmərəli təşkili, ən yaxşı atıcıların müəyyənləşdirilməsi və stend atıcılığının təbliği məqsədilə keçirilən birincilikdə 30 idmançı iştirak edib. Qaydalara əsasən, hər iştirakçıya atış üçün 12 mərmi verilib. Atışlar iki mərhələdə icra olunub və nəticələr 5 fərqli rakursdan atılan uçan hədəflərin vurulmasına görə hesablanıb. Qələbə uğrundakı maraqlı mübarizənin sonunda ən sərrast atıcılar müəyyənləşib. Yeddi hədəfi dəqiq atəşlə zərərsizləşdirən Seymur Sadiqov birinciliyin qalibi olub. Əjdər Mustafazadə və Şaban Tağızadə müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Atıcılıq Mərkəzində keçirilən mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Atıcılıq Federasiyasının sədr müavini Vasib Abdullayev yarışın keçirilmə məqsədlərindən bəhs edib, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
İlk üçlükdə qərarlaşan idmançılara yarışın xatirə suveniri, diplom və stend atıcılığı üçün mərmilər təqdim edilib.