Stirlinq Fondunun prezidenti: Azərbaycana hər səfərimdən mənəvi zövq alıram
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
QMİ-dən AZƏRTAC-a bildiriblər ki, şeyxülislam A.Paşazadə Stirlinq Fondunun həmtəşkilatçılığı ilə Bakıda Tolerantlıq Günü münasibətilə keçirilən beynəlxalq konfransı, Azərbaycandakı dini konfessiya rəhbərlərinin ABŞ-ın Yuta ştatına səfərini xatırladıb. Bildirib ki, ölkəmizin multikultural dəyərlərinin təşviqi məqsədilə həyata keçirilən səfər zamanı nümayəndə heyəti Yutanın ən böyük sərvətinin məhz onun qonaqpərvər, insanpərvər, mənəvi baxımdan zəngin insanlarının olduğunu müşahidə edib.
Stirlinq Fondunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında yaxından iştirakını yüksək dəyərləndirən QMİ sədri müqəddəs dəyər olan insan həyatının qorunması yönündə səyləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb, bununla bağlı təşəkkürünü bildirib.
A.Paşazadə vurğulayıb ki, dövlətimiz azad olunmuş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri həyata keçirir, işğal dövründə dağıdılmış, vandalizmə məruz qalmış dini-mənəvi abidələrimizi, məscidlərlə yanaşı kilsələri və digər məbədləri bərpa edir.
Görüşdə iştirak edən Yuta Mormon kilsəsinin din xadimi QMİ sədrinə kilsələrinin Azərbaycanda qeydiyyatdan keçirilmə prosesi barədə məlumat verib.
Stirlinq Fondunun prezidenti Edvard Rou Azərbaycana hər bir səfərdən mənəvi zövq aldığını diqqətə çatdırıb, ölkəmizin multikultural həyat tərzinin olduqca böyük əhəmiyyət kəsb etdiyini, Yuta ştatının dini icmasının Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduğunu vurğulayıb.
Şeyxülislam A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun bu ilin mayında təşkil olunacaq növbəti Zirvəsi toplantısında dünyanın tanınmış din xadimlərinin iştirakı barədə məlumat verib. Bildirib ki, Mormon Kilsəsinin nümayəndələri də bu nüfuzlu tədbirə dəvət ediləcəklər.
QMİ sədri, həmçinin bu ilin noyabrında Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Şeyxülislam A.Paşazadəni Yuta ştatına bir daha səfərə dəvət edən E.Rou QMİ sədrinin dünyada sülh, əmin-amanlıq, dini tolerantlıq ideyalarının təbliği və təşviqi sahəsində böyük əməyinin olduğunu deyib.