Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib
Bakı, 21 aprel, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin sututarlarında, o cümlədən Kür çayı, Mingəçevir və Şəmkir su anbarları, Şirvan kanalı, Mil-Muğan kollektoru və Xəzər sahili akvatoriyasında genişmiqyaslı nəzarət tədbirləri həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reydlər nəticəsində istifadəsi qadağan edilən 5873 metr uzunluğunda sintetik tor, 2182 ədəd qadağan olunmuş müxtəlif ov aləti və 4 qayıq aşkar edilib.
Faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb və təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən etibarən balıq ovuna 3 aylıq moratorium elan edilib.