Su israfına səbəb olan qanunsuz qoşulma hallarının qarşısı alınıb – AÇIQLAMA
Bakı, 10 dekabr, AZƏRTAC
Su itkilərinin azaldılması üçün torpaq örtüklü kanalların beton örtüklü kanallarla əvəz olunması prosesləri davam etdirilir.
Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) nümayəndəsi Vasif Yəhyayev bildirib.
Onun sözlərinə görə, torpaq örtüklü kanallarda infiltrasiya, kələ-kötürlük əmsalı çox olduğundan su itkilərinə səbəb olur.
“Kanallarda itkilərin aradan qaldırılması üçün çıxış nöqtələrində sərfölçən və səviyyəölçən sensorlar quraşdırılıb. Avadanlıq quraşdırılmayan yerlərdə isə su ölçmə cihazı tətbiq edilmədən əkin sahələrinə təchiz edilən suvarma suyunun həcmlərinin hesablanmasına dair metodologiyanın hazırlanması ilə bağlı işçi qrupu yaradılıb”, - deyə SİMDNX nümayəndəsi vurğulayıb.
Vasif Yəhyayev qeyd edib ki, su ehtiyatlarından səmərəli istifadə üçün suvarma texnologiyaları müasir sistemlərə - damcılı, çiləmə texnologiyalarına keçirilməlidir. Bu texnologiyalar su ehtiyatlarına 60 faizə qədər qənaət edir: “Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin regional bölmələri tərəfindən keçirilən monitorinqlər nəticəsində su israfına səbəb olan qanunsuz qoşulmalar, normadan artıq su götürmələr aşkarlanaraq bu halların qarşısı alınıb. Çaylarda su ehtiyatlarının qiymətləndirilməsi, onların dəyişmə dinamikasını görmək üçün hidroloji məntəqələrin sayı artırılıb. Bu hidroloji məntəqələrdə ölçmələr həm real vaxt rejimində avtomat, həm də ənənəvi müşahidə aparmaqla gündəlik olaraq həyata keçirilir. Çaylardan keçən su sərflərini dəqiq qiymətləndirməklə kanallara verilə bilən suyun miqdarı müəyyənləşdiriləcək”.