MƏDƏNİYYƏT
SUFİ ƏDƏBİYYATININ PARLAQ NÜMUNƏLƏRİNDƏN BİRİ OXUCULARA TƏQDİM EDİLMİŞDİR
Bakı, 3 aprel (AZƏRTAC). Azərbaycanda Atatürk Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) professoru Mehdi Kazımovun fars dilindən rus dilinə tərcümə etdiyi XII əsrdə yaşamış Məhəmməd ibn Münəvvərin “Əsrar ət-touhid fi məqamat əş-şeyx Əbu Səid” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə mərkəzin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov, akademik Vasim Məmmədəliyev, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin sədri İbrahim Nuri, AMEA-nın müxbir üzvü Teymur Kərimli, professor Mirzə Rəhimov, filologiya elmləri doktoru Rüfət Rüstəmov, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə, filologiya elmləri namizədi Elxan Əzizov və başqaları kitabın böyük elmi əhəmiyyətindən danışmış, mədəni-ictimai dəyəri olduğunu qeyd etmişlər. Əsərin digər ölkələrdə də əks-səda yaratdığını deyən natiqlər bildirmişlər ki, artıq ABŞ, Rusiya və Türkmənistanda bu kitaba maraq göstərilir.
Bildirilmişdir ki, orta əsr farsdilli sufi ədəbiyyatının parlaq nümunələrindən biri olan bu əsər tanınmış sufi şeyxi Əbu Səid Əbu-əl-Xeyrin (967-1049) həyatına həsr olunmuşdur. Kitabda sufizmin ayrı-ayrı konseptual müddəaları və dini-fəlsəfi aspektləri ilə yanaşı, dövrün sosial-tarixi həyatını əhatə edən zəngin material yer almış, sufi yaşamının adətləri, məişəti əks olunmuş, bir çox tarixi şəxsiyyətlər, o cümlədən alimlər, filosoflar, sufi şeyxləri haqqında məlumat verilmişdir.
Sonda professor Mehdi Kazımov kitabda Azərbaycanla bağlı coğrafi adlara rast gəlindiyini, görkəmli şəxslərimizin də adlarının çəkildiyini demiş, sufiliklə bağlı olan bu əsərin dini, tarixi və ədəbi dəyərləri əks etdirdiyini söyləmiş, tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.