Sülhməramlıların növbəti avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
Şuşa, 25 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil etdikləri etiraz aksiyası artıq 45 gündür davam edir. Yol humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər maneəsiz hərəkət edirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 18 təminat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.