SUMQAYIT BUXAR-QAZ QURĞUSUNUN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİ
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərində müasir buxar-qaz qurğusunun təməli qoyulmuşdur.
Energetiklər dövlətimizin başçısını müasir standartlara uyğun tikilmiş inzibati binanın önündə böyük hörmətlə qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə buxar-qaz qurğusunun maketi, eləcə də qurğunun tikiləcəyi yerin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərlə tanış oldu.
“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev vaxtilə burada mövcud olan stansiyanın tarixindən, indi görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, bu layihəni Almaniyanın “Siemens” şirkəti yerinə yetirəcəkdir. Ölkədə analoqu olmayan 500 MVt-dən çox gücə malik olan bu enerji bloku respublikada fəaliyyət göstərən oxşar qurğular arasında ən nəhəngi olacaqdır. Tikinti işləri 2007-ci ilin ikinci yarısında başa çatacaq, 2007-2008-ci illərin qış mövsümündə burada istehsal edilən elektrik enerjisi şəbəkəyə veriləcəkdir. Yeni qurğunun Bakının və Abşeron rayonunun elektrik enerjisi ilə təminatına da köməyi olacaqdır.
Prezident İlham Əliyev buxar-qaz qurğusunun inzibati binası ilə də tanış oldu.
Təməlqoyma mərasimini Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev açdı.