Sumqayıt Dövlət Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
Sumqayıt, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində (SDU) 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
Mərasim iştirakçıları əvvəlcə universitetin foyesində 20 Yanvar faciəsini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ali məktəbin professor-müəllim və tələbə heyəti sonra universitetin həyətində ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzüblər.
Tədbirdə universitetin rektoru, professor Elxan Hüseynov 20 Yanvar faciəsinin Azərbaycan tarixində böyük əhəmiyyət daşıdığını və xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın törədilib. “Həmin gecə əliyalın insanlar “Ya azad ol, ya tamam yan, Azərbaycan” nidası ilə şəhid köynəyindən kəfən geydi. Al qana boyanmış Bakı küçələri qərənfillərə qərq oldu. Xalq şəhidlərini Bakının ən uca zirvəsində - Dağüstü parkda torpağa tapşırdı”, - deyə rektor o acı günlərin xatirəsini bölüşüb.
Vurğulanıb ki, şəhidlər dəfn olunan gün Moskvada Azərbaycan nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev sərt bəyanatla çıxış edib, faciəni törədənləri cinayətkar adlandıraraq, Mixail Qorbaçovun və digərlərinin tarix qarşısında cavab verəcəyini söyləyib.
Tədbirdə Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, Karyera Mərkəzinin müdiri Zahid Bünyadov faciənin başvermə tarixindən, səbəblərindən, xalqın əsrlərlə rus rejimindən, müstəmləkə siyasətindən azad olmaq uğrunda mübarizəsindən bəhs ediblər.
Çıxışlarda 27 il əvvəl baş verən bu faciənin həm də xalqımızın tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb.
Şəhid ailələri adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Sonra tələbələr vətənpərvərlik ruhunda şeirlər söyləyib, universitet rəhbərliyi şəhid ailələrinin üzvləri ilə görüşüb.