SUMQAYIT İCRA HAKİMİYYƏTİNDƏ GÖRÜŞ
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev o müdhiş gecədə baş vermiş hadisələri xatırlamışdır. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 20-də azadlıq uğrunda mübarizəyə qalxmış mərd oğullarımız Azərbaycanın tarixinə şanlı səhifə yazmışlar.
V.Əliyev vurğulamışdır ki, yalnız müdrik siyasətçi, böyük vətənpərvər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmiş, onların konkret günahkarlarının adları elan edilmişdir.
Şəhid ailələri adından çıxış edənlər bildirmişlər ki, ötən illər ərzində dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Onlar dahi liderimiz Heydər Əliyevin 2003-cü il aprelin 3-də Sumqayıta gəlişindən sonra şəhərdə nəzərə çarpan müsbət dəyişikliklərdən də danışmışlar. Bildirilmişdir ki, şəhər rəhbərliyi tərəfindən onlara qayğı xeyli artmışdır. Natiqlər əmin olduqlarını bildirmişlər ki, Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev bütün imkanları səfərbərliyə alaraq, işğal altında olan torpaqlarımızın qaytarılmasını təmin edəcəkdir. Bu, şəhidlərin xatirəsinə ən böyük ehtiram olacaqdır.
Görüşün sonunda şəhid ailələrinə maddi yardım verilmişdir.