SUMQAYIT ŞƏHƏR AĞSAQQALLAR ŞURASININ SƏDRİ MÜZƏFFƏR GÜLÜMOVUN ÇIXIŞI
- Möhtərəm cənab Prezident!
Mən çox məmnunam ki, bu gün Sumqayıtda Sizi ulu öndərimiz Heydər Əliyevin abidəsinin açılışı mərasimində salamlayır, Sumqayıta “Xoş gəlmisiniz!” deyirəm.
Möhtərəm Prezident, Sumqayıtın 55 illik tarixinin 34 ili Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Sumqayıt güclü iqtisadi, elmi və mədəni potensiala malik şəhərə çevrilmişdir. Biz Heydər Əliyevi dahi insan kimi tanıyırıq. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti, yorulmadan işləməsi, qətiyyəti, insanlarla ünsiyyəti, mehriban rəftarı, zəhmət adamlarına hörməti bizim üçün ən unudulmaz xatirələrdir.
Hörmətli cənab Prezident!
Biz Sumqayıt ağsaqqalları Sizi Heydər Əliyev siyasətinin ən etibarlı, ən ləyaqətli davamçısı kimi tanıyırıq. Respublikamızda olduğu kimi, şəhərimizdə gedən müsbət dəyişiklikləri də Sizin adınızla bağlayırıq. Ağsaqqallarımız Heydər Əliyev amallarının, arzularının həyata keçirilməsində həmişə Sizə arxa-dayaq olacaqlar. Sumqayıta bir daha xoş gəlmisiniz.