Sumqayıt və Biləsuvarda Vətən müharibəsi qaziləri ziyarət olunub
Bakı, 30 mart, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatının reallaşdırdığı “Böyük qayğı” proqramı çərçivəsində Sumqayıt şəhərində və Biləsuvar rayonunda yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, proqramın məqsədi Vətən müharibəsi qazilərini qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini ifadə etməkdir.
Təşkilatın idarə heyətinin üzvlərinin və könüllülərin iştirakı ilə keçirilən görüşlərdə qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb. Proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumat verilib.
Bu məqsədlə mobil könüllü qrupları yaradılıb. Proqram boyunca sosial həssas qruplarla işləmə bacarığı ilə bağlı təlimlərdə iştirak etmiş və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin edilmiş könüllülər qazilərimizi davamlı ziyarət edəcək, onların asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə kömək olacaqlar. Həmçinin proqram çərçivəsində xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlərin təşkili də nəzərdə tutulub.
Bu proqramla yanaşı, təşkilat tərəfindən davamlı olaraq gənc qazilərin fərdi inkişafı, cəmiyyətə adaptasiyası, sosial-psixoloji reabilitasiyası istiqamətində layihələrin icrası planlaşdırılır.
Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və İctimai Birliyin sosial media hesabları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər. Həmçinin ziyarətlər zamanı hazırlanan video və foto hesabatlarla sözügedən saytda tanış olmaq mümkündür.
Qeyd olunub ki, proqram “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra olunur.