Sumqayıtda aksiya: “Qan verin, həyat xilas edin”
Sumqayıt, 13 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində və Neftçilər Günü ərəfəsində - SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində “Qan verin, həyat xilas edin” devizi altında növbəti qanvermə aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Azərikimya” İB-nin dəvəti ilə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadası tərəfindən aparılan qanvermə aksiyasında birliyin idarəetmə aparatının, Etilen-polietilen zavodunun və Təmir-tikinti idarəsinin əməkdaşları fəal iştirak ediblər. Eləcə də Sumqayıt kimyaçılarının çağırışına qoşulan “SOCAR-Polymer” MMC-nin əməkdaşları, Sumqayıt Təlim-tədris Mərkəzinin bir qrup şagird və müəllimi, “Sumqayıt” Futbol Klubunun üzvləri, həmçinin “Securitiy Operation Services” (SOS) MMC-nin və FHN-in Sumqayıt Yanğından Mühafizə xidmətinin birliyin ərazilərində xidmət aparan əməkdaşları da bu humanitar aksiyaya qatılıblar.
Ümumilikdə aksiya çərçivəsində müraciət etmiş 400-ə yaxın könüllü, yerində ilkin tibbi müayinədən keçdikdən sonra 130 nəfərə yaxın donor qan verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdəki irsi qan xəstələrinin, o cümlədən qana ehtiyacı olan insanların probleminin həlli üçün qanvermə kampaniyası keçirilməsi haqqındakı təşəbbüsünə əsasən Heydər Əliyev Fondu 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. SOCAR 2009-cu ildən bu xeyirxah təşəbbüsə dəstək verir. Kimyaçılar isə 2010-cu ildən bəri ildə iki dəfə olmaqla bu xeyirxah aksiyada iştirak edirlər.