Sumqayıtda “Gənc sözü” layihəsinə yekun vurulub
Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər evində “Gənc sözü” layihəsinə yekun vurulub. Gənclər Fondunun, şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan layihə çərçivəsində sonuncu seminar-treninq keçirilib.
Layihə rəhbəri Teymur Aslanov AZƏRTAC-a bildirib ki, Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olan layihənin məqsədi Azərbaycan dili, natiqlik sənəti haqqında gəncləri maarifləndirmək, onlarda ünsiyyət qurma, fikir çatdırma vərdişlərini formalaşdırmaq, mimika və jestlərdən danışıqda istifadə qaydalarını mənimsətməkdir.
Təlimçi Tunar Əhmədzadə tərəfindən verilən ikigünlük seminarlarda natiqlik qabiliyyəti, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı və aydın tələffüz üsulları mövzularında interaktiv treninq keçirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.