REGİONLAR
Sürücülərə xəbərdarlıq: Ağsu dolaylarında gecə yolların buz bağlayacağı gözlənilir
Ağsu, 12 mart, AZƏRTAC
Ötən gecədən yağmağa başlayan qar Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən 143-157-ci kilometrliyində avtomobillərin hərəkətində çətinliklər yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dolaylarda qarın qalınlığı 10-15 santimetrə çatıb. Yolun xüsusilə 146-147-ci kilometrliyində hərəkət daha təhlükəlidir.
Səhər saatlarından etibarən “4 saylı magistral yolların istismarı” MMC-nin 2 ədəd texnikası və 8 nəfər işçi qüvvəsi 14 kilometrlik Ağsu dolaylarında hərəkətin təhlükəsizliyi üçün çalışır. Belə ki, yol qardan təmizlənir, duz-qum qarışığı səpilir.
Hazırda qar yağmaqda davam edir və sürücülərin dolaylarda ehtiyatlı olmaları, xüsusilə gecə bu yoldan istifadə etməmələri tövsiyə olunur. Gecə saatlarında yolların buz bağlayacağı gözlənilir.