REGİONLAR
Şuşa şəhərində “Vətən Sizə oğul dedi” adlı tədbir keçirilib






Bakı, 3 noyabr, AZƏRTAC
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam edir. Layihənin icra planına uyğun olaraq növbəti tədbir Şuşa şəhərində “Vətən Sizə oğul dedi” adlı tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Şuşa uğrunda döyüşərək Şuşaya çatmadan şəhid olanların ailə üzvlərindən və qazilərdən ibarət 44 nəfərlik qrupun Şuşaya 1 günlük səfərini nəzərdə tutan tədbir Füzuli rayonunun Qaraxanbəyli kəndində şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlayıb. Şəhid anaları övladını sığallayırmış kimi xatirə lövhəsinə sığal çəkirdi. Beləcə, hərə qucağında bir şəhidin portretini, ürəyində minlərlə şəhidimizin ağrı-acısını özü ilə arzularımızın şəhərinə - Şuşaya daşıdı...
Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü, dövlətimizin müstəqilliyi, suverenliyi uğrunda canından keçənlərin xatirəsi sükutla yad edildikdən sonra “Zəfərdən-Zəfərə” adlı buklet və ziyarətçilər üçün hazırlanmış xüsusi geyim formaları tədbir iştirakçılarına paylanılıb. Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğlu Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışıb.
Şuşa ziyarətçilərinin yaralarına sevgi və sayğıları ilə məlhəm qoyan Nigar Əliyeva həm də qrup üzvlərinə Şuşanın tarixi, mədəniyyəti, mənəvi dəyərləri barədə ətraflı məlumat verib.
Ehtiyatda olan polkovnik-leytenant Elman Rüstəmov, qazi-jurnalist Əlisəfa Mehdiyev Azərbaycan Ordusunun uğurlarından, azad olunmuş torpaqlarımızda aparılan geniş quruculuq, abadlıq işlərindən söz açıblar. Qarabağın yeni növrağında hər şəhidimizin, hər şəhid ailəsinin öz payı olduğu bildirilib. Şəhid ailələrinin ürək sözləri dinlənildikdən sonra müqəddəs yerlərin gəzintisinə başlanılıb.
Bu qədər həyəcanın, kədər qarışıq sevincin içində bir sürpriz də olub. İki il əvvəl ölüm-dirim savaşının getdiyi bu günlərdə Vətənə qurban gedən Fərid İlyaslının ziyarətçilər arasında olan qardaşı Kamala azad Qarabağda, “Xarıbülbül” restoranında ad günü keçirilib.