ELM VƏ TƏHSİL
“Şuşada kitabxana və mətbuat” məlumat kitabı təqdim olunub
Bakı, 22 dekabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) icraçı direktoru dosent Şəhla Tahirqızının “Şuşada kitabxana və mətbuat” məlumat kitabının təqdimatı olub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. MEK-in baş direktoru professor Məmməd Əliyev bildirib ki, Şəhla Tahirqızı çox dəyərli bir kitab ərsəyə gətirib. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna dəyərə malik Şuşa şəhərinin tarixinin, mədəni əhəmiyyətinin öyrənilməsi zəruridir. Bu baxımdan təqdim olunan kitab tarixçilər, geniş oxucu kütləsi üçün əhəmiyyətli mənbəyə çevriləcək.
Müəllifi təbrik edənlər “Şuşada kitabxana və mətbuat” kitabını elmi strateji məsələlər üçün əhəmiyyətli bir mənbə adlandırıblar. Qeyd edilib ki, Şuşada kitabxana işi və mətbuat tarixinin hər biri ayrılıqda geniş tədqiqat tələb edən mövzulardır. Bu cür dəyərli kitabı yazmaq böyük zəhmətin bəhrəsidir və monoqrafiya tədqiqatçıların masaüstü kitablarından olacaq. Sonda kitabın müəllifi Şəhla Tahirqızı çıxış edərək səslənən hər bir fikri yüksək dəyərləndirdiyini söyləyib və iştirakçılara minnətdarlığını bildirib.