Tamam Cəfərova: Brüssel görüşü milli təhlükəsizlik siyasəti müstəvisində ölkəmizin növbəti diplomatik qələbəsidir
Bakı, 19 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. Tərəflər arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi səmərəli əməkdaşlığın hüquqi təminatçısıdır. “Şərq tərəfdaşlığı” proqramı yaradılanda üzv ölkələrə Aİ ilə daha sıx əməkdaşlıq aparmaq imkanları yaradılıb. Sözsüz ki, bu format əvvəldən üzv ölkələrin gələcəkdə mütləq surətdə Aİ-yə daxil olacağına dair vədi özündə daşımırdı. Bununla belə, Şərq Tərəfdaşlığı formatı qurum ilə daha intensiv qarşılıqlı əməkdaşlığı özündə ehtiva edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, müasir dünyada gedən geosiyasi və geoiqtisadi prosesləri nəzərə alaraq, proqrama daxil olan ölkələrin nəinki yaxın, hətta orta perspektivdə belə Aİ-yə üzv olmayacağını demək mümkündür. Buna baxmayaraq sammitin vacibliyini lazımi dərəcədə qiymətləndirmək zəruridir.
Avropa İttifaqının Azərbaycan ən yaxın ticarət tərəfdaşı olduğunu diqqətə çatdıran T.Cəfərova ölkəmizin ixracının əsas hissəsinin Aİ-yə üzv ölkələrin payına düşdüyünü qeyd edərək deyib: “Avropa İttifaqı ilə münasibətlərin siyasi tərəfləri olduqca vacibdir. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında Avro-Atlantik strukturlara inteqrasiya dövlətin xarici siyasətinin prioritet istiqamətidir. Məhz bu səbəbdən Azərbaycanın Şərq Tərəfdaşlığının VI Sammitində uğurlu iştirakı milli təhlükəsizlik siyasəti müstəvisində ölkəmizin növbəti diplomatik qələbəsidir".
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında münaqişənin yekunlaşdığını Avropa İttifaqı səviyyəsində bir daha bəyan etdi. ATƏT-in Minsk qrupunun fəaliyyətinə, daha dəqiq desək, 28 il ərzində fəaliyyətsizliyinə toxunan dövlətimizin başçısı qrupun qarşısında növbəti illərə dair “şərtlər” irəli sürdü. Münaqişə müddətində müsbət fəaliyyəti ilə yadda qala bilməyən Minsk qrupu, postmünaqişə dövründə hələ də mövcudluğunu qorumaq istəyirsə, yeni geosiyasi reallığı nəzərə alaraq öz proqramını yeniləməlidir. Minsk qrupu yalnız münaqişənin bitdiyini etiraf etmə, tərəflər arasında sülh quruculuğuna nail olma, qarşılıqlı etimad və təmasların yaradılması, sərhədlərin delimitasiyasına töhfə vermə kimi şərtlər çərçivəsində fəaliyyətini davam etdirə bilər.
Azərbaycan Prezidentinin Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunduğunu qeyd edən deputat vurğulayıb: “Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük infrastruktur layihələrindən biridir. Layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan qazının ixrac coğrafiyası Aİ-nin digər üzv ölkələrinə genişləndirilə bilər. Məsələyə daha geniş miqyasda nəzər yetirsək, Cənub Qaz Dəhlizinin fəaliyyətə başladığı dövrün Qərblə Rusiya arasında ziddiyyətlərin ən kəskin vaxtına təsadüf etdiyini müşahidə edə bilərik. Rusiya ilə Qərb arasında istənilən ciddi qarşıdurmalarda adətən ilk olaraq təbii qazın Avropaya nəqli məsələsi ultimativ formada qabardır. Avropaya alternativ təhlükəsiz marşrutla qazın nəqlini təmin edən Azərbaycan qlobal enerji bazarında qiymətlərin siyasi spekulyasiyaların və şantajların təsiri altında ziqzaqvari dinamikasına müəyyən nizam gətirmiş oldu”.
T.Cəfərovanın sözlərinə görə, dövlətimizin başçısının Şərq Tərəfdaşlığı Sammitindən əvvəl NATO-nun Baş katibi və Aİ Şurasının Prezidenti ilə görüşləri də müsbət planda qiymətləndirilməlidir. Burada əsas məsələ Azərbaycanın təkcə əldə etdikləri deyil, həm də Ermənistanın nə itirdikləridir. Brüssel görüşünə çox ümid edən, onu həvəslə gözləyən, bu formatı əvvəlkilərdən daha uğurlu sayan Ermənistan diplomatik cəbhədə növbəti fiaskoya uğradı. Məsələ bundadır ki, Brüsselə qədər Ermənistan digər görüşlər çərçivəsində Azərbaycanın tələbləri ilə razılaşmağa məcbur olurdu. Brüssel görüşündə isə mühitin fərqli olduğunu düşünən rəsmi Yerevan Aİ-nin mövcud məsələlərə yeni bir gündəlik formalaşdıracağını zənn edirdi. Ermənistanın ümidləri bunda idi ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 16 noyabr görüşlərində əldə edilən razılaşmalar əsasında formalaşan gündəliyə Avropa İttifaqı yeni gündəlik, yeni yanaşma əlavə edəcək. Lakin dövlətimizin başçısının NATO-nun Baş katibi, Aİ Şurası Prezidenti ilə görüşlərinin nəticələri və Şərq Tərəfdaşlığı Sammitinin yekunları əvvəlki razılaşmalara alternativ gündəlik formalaşdırmaq əvəzinə, razılaşdırılmış bir çox məsələləri təkrarladı və onlara dəstək ifadə etdi. Nəticə etibarilə Ermənistan Soçi və Brüssel görüşləri arasında seçim etmək imkanından məhrum oldu.
"Nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin bərpa edilməsi, delimitasiya-demarkasiya proseslərinin keçirilməsi üzrə eyni razılıqların təsdiqi Ermənistanın onları yerinə yetirməyə məcbur edir. Beləliklə, Brüssel görüşündən sonra artıq bütün bunları icra etməmək üçün Ermənistanın sığınacağı bir tərəf, qütb və ya geosiyasi qüvvə qalmadı. Əlbəttə, bütün bunlar Azərbaycanın növbəti siyasi-diplomatik uğurudur", - deyə T.Cəfərova fikirlərini yekunlaşdırıb.