TARİF (QİYMƏT) ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. İclasda “Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin əhaliyə göstərdiyi xidmətlərin tarifləri”nə və “Rabitə xidmətləri üçün tariflər preyskurantının “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”inə (IV bölmə) əlavə edilməsi” məsələsinə baxılmışdır. Şuradan AZƏRTAC-a bildirmişlər ki, iclasda Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin mənzillərin, kooperativ binaların və bağ evlərinin özəlləşdirilməsi, fərdi (şəxsi) ilkin hüquqi qeydiyyatının aparılması, mənzillərin və fərdi evlərin alqı-satqısı, bağışlanması və dəyişdirilməsi ilə əlaqədar qeydiyyat vəsiqələrinin əslinin və surətinin verilməsi və s. xidmətlər üzrə tariflərinin aşağı salınması barədə qərar qəbul edilmişdir. İclasda həmçinin, istifadə olunan fiziki xətlərə görə Rabitə Nazirliyinin xidmətin keyfiyyətində və həcmində dəyişiklik aparmadan yüksək qiymətlər tətbiq etməsi barədə bir sıra bankların müraciətinə baxılmışdır. Şuranın iclasında qüvvədə olan “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”in (IV bölmə) 14-cü qeydinə “32 kbits tutum və 0,05 keçid əmsalı” ifadəsi əlavə edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, əvvəllər rəqəmsal kanallar üçün ən kiçik ölçü vahidi 64 kbits tutum və 0,08 keçid əmsalı olduğu halda, istifadəçilər həmin tutumun aylıq istifadəsi üçün 128 min manat, bu xətlərin çəkilişi üçün isə 480 min manat ödəyirdilərsə, yeni tutum və əmsalın tətbiqindən sonra onlar aylıq istifadə üçün 80 min manat, çəkiliş üçün isə 300 min manat ödəyəcəklər. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin əhaliyə göstərdiyi xidmətlərin yeni tariflərinin və rabitə xidmətləri üçün tariflər preyskurantına edilmiş əlavənin 1 iyul 2003-cü il tarixindən tətbiq olunması nəzərdə tutulur.