Tarix Muzeyində "Xarıbülbül - Qələbə rəmzi" adlı ustad dərsi
Bakı, 26 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində "Anadır arzulara hər zaman Qarabağ" sərgisi çərçivəsində "Xarıbülbül - Qələbə rəmzi" adlı ustad dərsi keçirilib. Ustad dərsi nəzəri hissədən və praktik dərsdən ibarət olub. Tədbirdə Suraxanı rayonu F.İsmayılov adına 79 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ustad dərsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədova xarıbülbül haqqında ətraflı məlumat verib.
Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Vahabova Qarabağ xanlığı və xanlığa aid muzeydə qorunan eksponatlardan bəhs edib. Xarıbülbül haqqında hekayə dinlənilib, haqqında çəkilən sənədli film nümayiş olunub. Uşaqlara kağızdan və keçədən xarıbülbülün kağız üzərində düzəldilmə qaydası öyrədilib.
Sonra xarıbülbül haqqında maraqlı faktlardan ibarət suallarla viktorina keçirilib, iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
Sonda məktəblilər muzey və "Anadır arzulara hər zaman Qarabağ" sərgisi ilə tanış olublar.