ELM VƏ TƏHSİL
Tarix Muzeyinin əməkdaşı beynəlxalq konfransda məruzə edib
Bakı, 25 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova
Rusiya Federasiyasının Tver şəhərində keçirilən XXI Ümumrusiya Numizmatika Konfransında iştirak edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Aygün Məmmədova rus dilində “Afanasi Nikitinin yolları: Ağsu çayı sahillərindəki Kaşin sikkəsi” məruzəsi ilə çıxış edib. Məruzənin həmmüəllifi Moskva Tarix Muzeyinin numizmat-eksperti, tarix üzrə fəlsəfə doktoru Vasili Zaytsevdir.
Nüfuzlu numizmat-alimlərin iştirak etdiyi konfransda Aygün Məmmədova 2010-cu ildə arxeoloq-alim, tarix üzrə elmlər doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu rayonunun Xarabaşəhər qədim yaşayış yerində aşkarlanmış, hazırda muzeyin Numizmatika Fondunda qorunan XV əsrin Kaşin mis sikkəsi (1,77 qram) əsasında uyğun dövrün pul təsərrüfatı, həmçinin Şirvan və Rusiya arasında olan ticarət əlaqələri barədə məlumat verib.
Bu unikal faktiki tapıntı Azərbaycanın numizmatika tarixində ilk dəfə qeydiyyata alınıb və sikkənin numizmatik təyinatını tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova təqdim edib.