TARİXDƏN İBRƏT GÖTÜRMƏYƏ ÇAĞIRAN MONOQRAFİYA
Bu monoqrafiya müəllifin ümummilli liderimiz Heydər Əliyevin XX əsr tariximizi dərindən araşdırmaq barədə tarixçi alimlər qarşısında qoyduğu vəzifəyə əməli işlə cavabıdır. Kitabda Azərbaycan, ABŞ, Almaniya, Böyük Britaniya və digər ölkələrin arxivlərində və kitabxanalarında mühafizə olunan bir sıra sənəd, material, xəritə və şəkillər toplanmışdır. Tədqiqatçı alim uzun illərin axtarışları nəticəsində Azərbaycan tarixinin ən mürəkkəb və kəşməkəşli dövrlərindən birinin qaranlıq səhifələri üzərinə işıq salmış, 1914-1918-ci illərdə böyük dövlətlərin Azərbaycan siyasətini şərtləndirən əsas amilləri, Quzey və Güney Azərbaycana dair planlarını araşdırmışdır. Kitabı oxuduqca gözlərimiz qarşısında türk diplomatiyasının Azərbaycanı müstəmləkəçilikdən azad etmək siyasətinə Avropa dövlətlərini qoşmaq cəhdləri, Rusiyanın islamçılara və türkçülərə qarşı mübarizəsi, bu mübarizədə ermənilərin rolu, Güney Qafqazın Rusiyadan ayrılmasına Antanta dövlətlərinin yardımı, Zaqafqaziya seymində gedən mübarizə, türk ordusunun Qafqaza hücumu və s. tarixi, diplomatik, siyasi hadisələr canlanır.
Təqdim olunan sənədlər, o cümlədən gizli diplomatik yazışmalar müasir oxucuya bu gün müstəqil respublikamızın ictimai-siyasi və iqtisadi həyatında aparıcı dövlətlərin oynadığı rolu aydınlaşdırmaqda, ölkəmizə münasibətdə ikili standartların səbəbini anlamaqda kömək edir. Məsələ burasındadır ki, o zaman da böyük dövlətlərin hər birinin Azərbaycanda geniş hərbi-siyasi, strateji və iqtisadi maraqları vardı. Azərbaycanın təbii sərvətlərinə, xüsusilə neftinə yiyələnmək cəhdləri müharibənin son mərhələsində hərbi əməliyyatların aparılmasına ciddi təsir etmişdir. Regionda hərbi əməliyyatlar daha çox Bakı və Mosul neft mənbələrinə, hərbi-strateji məntəqələrə sahib olmaq ustündə aparılmışdır.
Azərbaycan Yaxın və Orta Şərqdə böyük dövlətlərin maraqlarının kəskin toqquşduğu ərazi olmuşdur, olmaqdadır, olacaqdır. Həmin maraqları reallaşdırmaq üçün onlar bütün mümkün vasitələrdən istifadə etmişlər, edirlər, edəcəklər. Tarix təkrar olunur. Bizə ancaq onun dərslərindən ibrət götürmək qalır.
“Adiloğlu” nəşriyyatında çapdan buraxılmış kitabın redaktoru və sözardının müəllifi Dövlət Sərhəd Xidmətinin zabiti polkovnik-leytenant Qardaşxan Əzizxanlıdır. Kitab elmi dairələr, diplomatlar, siyasətçilər, aspirantlar, magistrlər, tələbələr, diplomatiya tarixi ilə maraqlanan şəxslər üçün faydalı vəsaitdir.