Tarzən Ramiz Quliyev Musiqi Kollecinin tələbələri üçün onlayn ustad dərsi keçib
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Musiqi Kollecində Azərbaycan Respublikasının Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin onlayn ustad dərsi təşkil edilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə çıxış edən Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva ixtisaslı kadrların yetişməsi və təcrübələrinin möhkəmlənməsi istiqamətində təşkil edilən tədbirin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Məhəbbət Babayeva tarzən Ramiz Quliyevin həyat və yaradıcılığından da söz açıb.
Ramiz Quliyev dərs zamanı tələbələrə tarın temperasiya imkanlarından, səs üzərində iş, pozisiyalar, muğam ifaçılığı barəsində ətraflı məlumat verib.
Tarzənin ifası üzərində qurulan ustad dərsi müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. Kollecin “Tar” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin ifasında “Rahab”, “Çahargah” muğamları, “Üç xatirələr”, “Konsert pyes” əsərlərini dinləyən tarzən tələbələrin istedad və bacarığını xüsusi qiymətləndirib, məsləhət və təkliflərini verib. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynov və digər müəllimlərin tar alətinin ifa xüsusiyyətləri və muğam ifaçılığına dair müxtəlif sualları cavablandırılıb.
Ustad dərsində Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Elmi Mərkəzinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə Cəfərova da iştirak edib.