İQTİSADİYYAT
Tatarıstanlı iş adamları Azərbaycanda sənaye zonalarına investisiya yatırmağa dəvət olunub YENİLƏNİB
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan nümayəndə heyətinin Tatarıstana səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Səfər çərçivəsində Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib. İclasda iqtisadiyyatın şaxələndirilməsi, sənaye, ticarət, turizm və rəqəmsallaşma sahəsində gücləndirilməsi tədbirlərindən danışılıb.
Tatarıstanın rəhbəri Rüstəm Minnixanov ilə görüşdə isə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi edilib.
Azərbaycan-Tatarıstan Biznes Forumunda ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin gücləndirilməsi və investisiya yatırılması barədə müzakirələr aparılıb. Tatarıstanlı iş adamları Azərbaycanda sənaye zonalarına investisiya yatırmağa, biznes imkanlarından yararlanmağa dəvət olunub.
İnvestisiyaların İnkişafı Agentliyinin Birləşmiş Təqdimat Mərkəzində Tatarıstanın iqtisadi və investisiya potensialı, sənaye klasterləri və XİZ-lərin fəaliyyəti ilə bağlı təqdimat keçirilib. Mərkəzə səfər çərçivəsində birgə investisiya layihələrinin perspektivləri müzakirə edilib.
18:36
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirdik və sənaye sahəsində əlaqələrin inkişafı üçün yeni imkanları dəyərləndirdik”, - deyə M.Cabbarov qeyd edib.