Tbilisidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Tbilisi, 18 yanvar, AZƏRTAC
Gürcüstan paytaxtındakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Muzeyin foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgi açılıb.
Tədbirdə Tbilisidəki 164 nömrəli məktəbin azərbaycanlı və gürcü şagirdləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra muzeyin direktoru Leyla Əliyeva iştirakçılara 1990-cı il yanvarın 20-də Sovet ordusunun paytaxt Bakıda və bölgələrdə törətdiyi misli görünməmiş qırğınlar barədə ətraflı məlumat verib. Sovet imperiyasının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyətini açıqlayıb. İmperiya qüvvələrinin 1990-cı il aprelin 9-da Tbilisi şəhərində törətdiyi qırğınla 20 Yanvar faciəsi arasında müqayisələr aparıb.
Məktəblilərə Azərbaycanın və Gürcüstanın müstəqillik uğurundakı mübarizə tarixi barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Sonra Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Muzeyin foyesindəki fotosərgi bir neçə gün ziyarətçilər üçün açıq olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi