Tbilisidə “Batumi-2018” 43-cü Ümumdünya Şahmat Olimpiadasının rəsmi təqdimatı olub
Tbilisi, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Tbilisidə “Batumi-2018” 43-cü Ümumdünya Şahmat Olimpiadasının rəsmi təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, dünya şahmatının ulduzları, FIDE rəsmiləri, beynəlxalq təşkilatların və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ölkəmizi bu tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov təmsil edib.
Gürcüstanın mədəniyyət və idman naziri Mixail Qeorqadze çıxış edərək bildirib ki, Gürcüstan 2014-cü ildə Toronto şəhərində FIDE-nin Baş Assambleyasında 43-cü Şahmat Olimpiadasının Batumidə keçirilməsinə nail olub. O zaman Gürcüstan 93 səs toplayaraq qalib gəlib. Gürcüstanın əsas rəqibi Cənubi Afrikanın Durban şəhəri isə 58 səslə mübarizədən kənarda qalıb. Bu qələbəni ölkəsi üçün çox önəmli və əlamətdar hadisə adlandıran nazir deyib ki, olimpiadada 189 ölkədən 4 minə yaxın qonaq iştirak edəcək.
Nazir 2016-cı ildə Bakıda keçirilən 42-cü Ümumdünya Şahmat Olimpiadasının möhtəşəmliyindən söz açaraq bildirib ki, estafeti Azərbaycandan qəbul etmək çox çətin, lakin şərəfli bir işdir.
M.Qeorqadze 43-cü Şahmat Olimpiadasının təşkilindəki mənəvi, maddi və texniki dəstəyə görə Azərbaycan dövlətinə, eləcə də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, SOCAR-a minnətdarlıq edib. Bildirib ki, Azərbaycanın dəstəyi Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb edir.
Sonra çıxış edənlər idmanın inkişafı, 43-cü Şahmat Olimpiadasının təşkili və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Mahir Məmmədov jurnalistlərə açıqlamasında Batumidə 43-cü Şahmat Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib, təşkilatçılara və idmançılara uğurlar arzulayıb.
Gürcüstan Şahmat Federasiyasının prezidenti Gio Georqadze jurnalistlərə müsahibəsində deyib ki, Batumidə keçiriləcək 43-cü Şahmat Olimpiadası, əslində, Gürcüstan üçün böyük idman bayramıdır: “Biz bu oyunların estafetini Azərbaycandan almışıq. Çalışacağıq ki, yaxın qardaş və dostumuz olan Azərbaycan kimi biz də olimpiadanı yüksək səviyyədə təşkil edək. Bunun üçün Azərbaycandan dəstək alırıq. Buna görə Azərbaycan tərəfinə, xüsusən də SOCAR-a xüsusi təşəkkürümü bildirirəm. SOCAR 10 ildir ki, bizim federasiyanın sponsorudur. Bunun nəticəsində idmançılarımız böyük uğurlar qazanıblar”.
Federasiya prezidentinin sözlərinə görə, olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün Batumidə xüsusi idman zalları var. Daha bir zalın tikintisi isə davam edir və bu arena da yaxın vaxtlarda istifadəyə veriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi