Tbilisidə “Cənubi Qafqaz və Ukraynanın Gənc Siyasətçilərinin Dördüncü Forumu” keçirilir
Tbilisi, 30 mart, AZƏRTAC
Martın 30-da Tbilisidə “Cənubi Qafqaz və Ukraynanın Gənc Siyasətçilərinin Dördüncü Forumu” işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın, Gürcüstanın, Ermənistanın və Ukraynanın müxtəlif siyasi partiyalarından olan gənc siyasətçilər iştirak edirlər.
Niderlandın NİMD İnstitutunun təşkil etdiyi tədbirə Azərbaycandan 15 gənc siyasətçi qatılıb.
Forumun açılışında Niderlandın NİMD İnstitutunun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Levan Tsutskiridze, Gürcüstan Parlamentinin sədri David Usupaşvili və başqaları çıxış edərək gənclərin ictimai-siyasi proseslərdəki iştirakının vacibliyi, dövlətlərin gənclər siyasətinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Yeni Azərbaycan Partiyası icra katibliyinin və Gənclər Birliyinin üzvü Məmmədbağır Məmmədov tədbirlə bağlı AZƏRTAC-a müsahibəsində deyib: “Bu, Cənubi Qafqaz ölkələri gənclərinin dördüncü forumudur. Bu ildən Ukraynadan olan gənclər də tədbirə qatılıblar. Tədbir Niderlandın Çoxpartiyalılıq İnstitutunun təşkilatçılığı və Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə keçirilir. Forumun məqsədi gənc siyasətçilərin siyasi bilik və bacarıqlarını artırmaq, gənclər arasında təcrübə mübadiləsini təşkil etmək, qadınların siyasətdə, yerli özünüidarə proseslərində iştirakına köməklik göstərməkdir”.
İki gün davam edəcək forumda gənclərin yerli özünüidarə məsələlərində iştirakının vacibliyi, demokratikləşmə prosesində mətbuatın rolu, Cənubi Qafqazda seçki kampaniyası təcrübəsi, konstitusiya islahatlarının demokratikləşmə prosesinin sürətlənməsinə təsiri və digər məsələlər müzakirə olunacaq.
Forum işini martın 31-də panel iclaslarla davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi