Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində Nikoloz Barataşvilinin 200 illiyi qeyd olunub
Tbilisi, 3 fevral, AZƏRTAC
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva Azərbaycan və gürcü xalqlarının oxşar mədəniyyətlərindən söz açıb, şair və mütəfəkkirlərimizin yaradıcılığında məhəbbətlə yanaşı, dostluq, qardaşlıq münasibətlərinin tərənnüm olunduğunu xüsusi qeyd edib.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, Gülnarə Rəsulzadə Fondunun rəhbəri Rusudan Kvançaxadze, Şota Rustaveli adına Ədəbiyyat İnstitutunun direktor müavini Maka Elbaridze, Tbilisi Dövlət Universitetinin professoru Tamar Şarabidze və başqaları çıxış edərək N.Barataşvilinin yaradıcılığından söz açıb, həyat və fəaliyyətindən danışıblar.
Bildirilib ki, 1817-ci ildə Tbilisidə anadan olan Nikoloz Barataşvili cəmi 27 il yaşasa da, onun ömrü olduqca mənalı keçib.
Tale elə gətirib ki, N.Barataşvili bir müddət Azərbaycanda yaşayıb işləyib, yazıb-yaradıb. O, əvvəlcə Gəncədə vilayət rəisinin yanında, sonra isə Naxçıvanda əyalət rəisinin yanında tərcüməçi, sonradan 1845-ci ildə yenidən Tbilisiyə qayıdaraq vilayət rəisinin köməkçisi işləyib. Onun yaradıcılığında Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər şair və romantik poeziya ustalarının böyük rolu olub.
N.Barataşvilinin yaşadığı müddətdə şeir və digər əsərləri çap olunmayıb. Yalnız 1860-cı ildə böyük gürcü maarifçi-şairi İlya Çavçavadze Peterburqda Yekaterina Çavçavadzenin salonunda N.Barataşvilinin şeirlər dəftərini görür. Elə həmin illərdə də N.Barataşvilinin şeirləri çap olunaraq oxuculara təqdim edilir. Bu gün dahi poetik şair N.Barataşvilinin 37 şeiri və bir poeması qalıb. Onun “Gürcüstanın taleyi”, “Mtatsminda alatoranı”, “Merani”, “Sağ qalmağımın səbəbi”, “Sırğa” və s. şeirləri bu gündə dillər əzbəridir.
N.Barataşvili 1845-ci ildə dünyasını dəyişib. O, Gəncə qalasında yerləşən Pravoslav kilsəsinin həyətində dəfn olunub. Lakin 1893-cü ildə İlya Çavçavadzenin təşkilatçılığı ilə Barataşvilinin nəşi Gəncədən Tbilisiyə gətirilərək Didube kilsəsində torpağa tapşırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi