TDT Avrasiya geosiyasətində getdikcə daha nəzərəçarpan aktora çevrilir - ŞƏRH
Bakı, 20 avqust, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemində regional təşkilatların rolu getdikcə artır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı gücləndirən mühüm platformalardan birinə çevrilib. Təşkilat 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən yaradılıb, 2019-cu ildə Özbəkistanın tamhüquqlu üzv olması ilə genişlənib. Hazırda TDT-nin beş üzv dövləti, həmçinin Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və İqtisadi Əməkdaşlıq Təşkilatı müşahidəçi statusuna malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin Kırıkkale Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə ekspert, “Türk Dövlətləri Təşkilatı - Siyasət, İqtisadiyyat, Mədəni Əməkdaşlıq: 2040 Vizyonu” kitabının həmmüəllifi Mərvə Suna Özəl Özcan deyib.
Onun sözlərinə görə, TDT-nin qlobal siyasətdə təsirinin əsas istiqamətlərindən biri siyasi koordinasiyadır.
“Təşkilat üzv və müşahidəçi dövlətlərin xarici siyasət məsələləri üzrə məsləhətləşmələr aparması üçün mexanizmlər yaradıb. 2022-ci və 2023-cü illərdə keçirilən siyasi planlaşdırma məsləhətləşmələrində Avropa və Asiyadakı geosiyasi proseslər, regional təhlükəsizlik, qarşılıqlı əlaqəlilik və qlobal çağırışlar müzakirə olunub. Bu mexanizmlər türk dövlətlərinin beynəlxalq məsələlərdə mövqelərini daha yaxşı əlaqələndirməsinə imkan yaradır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bu təşkilatın inkişafına xüsusi diqqət yetirirlər. Təşkilatın digər mühüm təsir sahəsi Şərq-Qərb nəqliyyat və iqtisadi əlaqələrinin inkişafıdır. TDT ölkələri Mərkəzi Asiya, Xəzər regionu, Qafqaz və Türkiyə üzərindən Avropaya çıxan nəqliyyat marşrutlarının əhəmiyyətli hissəsini əhatə edir. Bu coğrafi mövqe təşkilata Avrasiya bağlantılarında strateji əhəmiyyət qazandırır. TDT-nin gündəliyində nəqliyyat, enerji, ticarət və iqtisadi inteqrasiya məsələlərinin ön plana çıxması onun yalnız mədəni birlik deyil, həm də praktiki geoiqtisadi əməkdaşlıq platformasına çevrildiyini göstərir”, - deyə ekspert nəzərə çatdırıb.
Enerji təhlükəsizliyinin də TDT-nin geosiyasi əhəmiyyətini artıran amillərdən olduğunu vurğulayan türkiyəli ekspert Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi Xəzər regionu dövlətlərinin enerji resursları, Türkiyənin isə Avropa ilə Asiya arasında yerləşməsinin TDT məkanının enerji marşrutları baxımından əhəmiyyətini artırdığını sözlərinə əlavə edib: “Bu əməkdaşlıq Avropanın enerji təchizatının şaxələndirilməsi və Xəzər regionunun dünya bazarlarına çıxış imkanları baxımından strateji əhəmiyyət daşıyır. Təşkilatın uzunmüddətli siyasi məqsədləri “Türk Dünyası – 2040 Vizyonu” sənədində öz əksini tapır. 2021-ci ildə qəbul edilən bu sənəd siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Sənəd, eyni zamanda, BMT Nizamnaməsinin prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörməti vurğulayır.
Nəticə etibarilə TDT qlobal siyasətdə hələ ənənəvi mənada böyük güc mərkəzi olmasa da, Avrasiya geosiyasətində getdikcə daha nəzərəçarpan aktora çevrilir. Onun üstünlüyü üzv ölkələrin strateji coğrafi mövqelərinin, enerji və nəqliyyat imkanlarının, iqtisadi potensialının və siyasi əməkdaşlığının bir platformada birləşməsidir. TDT-nin gələcək təsiri bu potensialın nə dərəcədə koordinasiyalı şəkildə istifadə olunmasından və təşkilatın beynəlxalq aləmdəki tərəfdaşlarının nə qədər genişləndirə bilməsindən asılı olacaq”.