Təhsil Nazirliyi: IV qrant müsabiqəsinə 852 layihə qəbul edilib
Bakı, 21 aprel, AZƏRTAC
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihə qəbulu başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümumtəhsil müəssisələri və fərdi kateqoriyalar üzrə ümumilikdə 852 layihə təqdim edilib. Onlardan 204-ü ümumtəhsil müəssisələri, 648-i isə fərdi kateqoriyalar üzrədir.
Təqdim edilmiş layihələrin sayının elan edilmiş mövzular üzrə paylanması cədvəldə göstərilib.
Qeyd edək ki, müsabiqənin elan edildiyi ilk gündən son tarixə kimi ümumilikdə 308 şəxsin (e-mail vasitəsilə 257 və sosial şəbəkə vasitəsilə 51 şəxs) müxtəlif xarakterli (layihənin tərtibi, texniki yardım və sair) müraciəti operativ cavablandırılıb.
Təqdim edilmiş layihələr üzrə texniki və məzmun ekspertizası başa çatdıqdan sonra nəticələri açıqlanacaq.