TƏHSİL NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Təhsil naziri Misir Mərdanov çıxış edərək, sentyabrın 15-də ölkəmizin bütün təhsil müəssisələrində 2006/2007-ci tədris ilinin başlanacağını bildirmiş, bu münasibətlə müəllim, tələbə və şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Yeni dərs ilinə hazırlıqla bağlı həyata keçirilən tədbirlərdən danışan nazir bildirmişdir ki, bu il dövlət büdcəsindən ayrılan vəsait hesabına 108 adda 5 milyon nüsxədən çox dərslik çap olunmuş və təhsil ocaqlarına paylanmışdır. Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstanın təlim Azərbaycan dilində olan məktəblərində təhsil alan şagirdlərə 70 min nüsxə yeni dərsliklər göndərilmişdir.
Bu il, ümumilikdə, 102 min 89 şagird yeri olan 288 yeni məktəb binasının və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpusların inşa olunduğunu qeyd edən M.Mərdanov artıq 38 min 525 yerlik 145 məktəb binasının və əlavə korpusların istifadəyə verildiyini söyləmişdir. O, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırda daha 18 min 737 şagird üçün 92 yeni məktəb binasının və əlavə korpusların inşa olunduğunu, 10 təhsil müəssisəsinin əsaslı təmir edildiyini nəzərə çatdırmışdır.
Eyni zamanda təhsil müəssisələrində tədris şəraitini yaxşılaşdırmaq üçün mühüm tədbirlər həyata keçirilmiş, ayrı-ayrı məktəblərə müasir kompyuter və digər avadanlıq verilmişdir.
Nazir 4 mindən çox müəllimin işlə təmin edildiyini, onlardan 1000 nəfərinin həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ucqar kənd məktəblərinə göndərildiyini də vurğulamışdır.
Sonra M.Mərdanov jurnalistləri maraqlandıran suallara cavab vermişdir.