Təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat “Yeni çağırışlar”da
Bakı, 2 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hazırlanan “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı tanınmış alim, təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat olacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş fevralın 5-i saat 19:00-da nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Görüşdə Özgür Bolatın verdiyi seminarların əsas mövzuları olan effektiv öyrənmə mühiti, öyrənən və öyrədənlərin motivasiyası, istedadın inkişafı, təhsil liderliyi, xoşbəxt və uğurlu fərd yetişdirməyin təcrübəsi müzakirə ediləcək. Eyni zamanda, gələcəyin məktəb modellərindən bəhs olunacaq. Özgür Bolat ilə rəhbəri və icraçısı olduğu “Lider müəllimlər”, “Özünə inam” və “Google” ilə Rəqəmsal valideynlik” kimi layihələr, “İstedadı idarəetmə testi”, “Parentwiser” mobil tətbiqi haqqında da danışılacaq.
Özgür Bolat Kembric (doktorantura), Harvard (magistratura), Boğaziçi (bakalavr) universitetlərinin təhsil fakültələrindən kafedra birincisi olaraq məzun olub. O, həmçinin MIT Sloan İdarəetmə Məktəbində (MIT Sloan School of Management) liderlik ixtisası üzrə doktorantura dərsləri alıb və orada tədqiqatlar aparıb. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” kitabı təxminən 500 min nüsxə satılıb. Valideynlər məktəbinin (Anne-Baba okulu) yaradıcısıdır.
Xatırladaq ki, “Yeni çağırışlar” “T-NETWORK”un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonaqları məşhur “Khan Academy”nin qurucusu Sal Xan və Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus olub.