TƏKAMÜL NƏZƏRİYYƏSİ YENƏ ŞÜBHƏ ALTINA ALINMIŞDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, alim uzun müddət kenqurular üzərində tədqiqat aparmışdır. İndiyədək belə hesab edirdilər və biologiya müəllimləri də durmadan beynimizə yeridirdilər ki, kisəli heyvanlar ətənəli məməlilər ilə müqayisədə təkamülün ən aşağı pilləsindədirlər. Deməli, aerob sisteminin səmərəliliyində də onlara uduzurlar. Həqiqətən, ilk baxışda hər şey, sanki, düzdür: kisəli heyvanların sakit vəziyyətində əsas maddələr mübadiləsi at, insan və pişikdə olduğundan üç dəfə az intensivdir.
Lakin kenqurunun əzələ hüceyrələrini öyrənən professor Douson müəyyənləşdirmişdir ki, Yaşıl qitənin rəmzi sayılan bu heyvanların enerji sisteminin səmərəliliyi nəinki, ümumən, ətənəli məməlilərin bu göstəricisi ilə müqayisə edilə bilər, həm də atların və antilopların aerob sisteminin gücünə bərabərdir.
Bununla da professor belə qənaətə gəlmişdir ki, kenquru çox böyük sürətlə hoppana-hoppana qaça bilər, onların hərəkəti antiloplardan heç də geri qalmır. Darvinistlər dərhal istehza ilə soruşmuşlar: ”Hörmətli Douson, bəs, nə əcəb sizin o kenqurular Avstraliya çöllərində Afrika antiloplarının orta sürəti ilə qaçmırlar?”. Professor halını pozmadan sakitcə cavab vermişdir: ”Çünki istəmirlər”.
Həqiqətən, kenquru həddən ziyadə sakit həyat tərzinə üstünlük verir və mənzərənin hərəkətsiz bəzəyi rolunu oynamağı sevir.
Əslində, Dousonun tədqiqatları ilk baxışda mənasız görünür. Müasir elmə görə, kisəlilər və ətənəli məməlilər, təxminən 125 milyon il bundan əvvəl ayrılmışlar. Bioloqlar növlərin təkamülü barədə sarsılmaz nəzəriyyəyə istinadla belə qənaətə gəlmişlər ki, ətənəlilərdə səmərəli aerob sistemi məhz bu ayrılmadan sonra inkişaf etməyə başlamışdır.