Təkmilləşdirici təlimə müxtəlif təşkilatlardan maliyyə-mühasibatlıq işçiləri cəlb olunub
Naxçıvan, 27 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan ikigünlük təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan maliyyə-mühasibatlıq işçiləri cəlb edilib.
Maliyyə Tədris Mərkəzindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərkəzin direktoru Mehriban İmanova çıxış edərək təlimin əsas məqsədinin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu söyləyib.
Təlimin ilk günü mərkəzin əməkdaşı Pərviz Babayevin “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusu ilə bağlı təqdimatı olub. Təqdimat zamanı maliyyə hesabatlarının məqsədi, elementləri, istifadəçiləri və növləri haqqında məlumat verilib, müxtəlif təsərrüfat əməliyyatlarının mühasibat hesablarında qeyd olunmasının elmi əsasları izah edilərək, sınaq balansının tərtib olunması qaydaları və mövzuya uyğun olaraq digər məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Təlimin mənimsənilmə dərəcəsini müəyyən etmək üçün tədris olunan materiallara uyğun olaraq test mərhələsi keçirilib.
Növbəti gün “Maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafında beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanma mərhələləri haqqında məlumat verilib və müvafiq praktiki tapşırıqlar yerinə yetirilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimin sonunda tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.