“TEKNOFEST Azərbaycan” çərçivəsində “Həvəskar peyk modelləşdirilməsi” müsabiqəsinə qeydiyyat davam edir

Bakı, 8 fevral, AZƏRTAC
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində tələbələr üçün nəzərdə tutulmuş “Həvəskar peyk modelləşdirilməsi” (CANSAT) müsabiqəsinə qeydiyyat davam edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalın önəmli müsabiqələrindən biri olan “Həvəskar peyk modelləşdirilməsi” (CANSAT) tələbələrin kosmik sahədə nəzəri və yeni praktiki biliklər qazanması, xüsusilə peyk modelləşdirilməsi və onun idarə olunması sahəsində yerli mütəxəssislərin hazırlanması məqsədini daşıyır.
Sözügedən müsabiqə tələbələrin mexanika, elektronika və proqramlaşdırma sahələrindəki baza biliklərinin formalaşmasına təkan verəcək. Bundan əlavə, tələbələr komanda işi, təqdimat və planlaşdırma bacarıqlarını təkmilləşdirə biləcəklər.
Müsabiqənin şərtlərinə əsasən, tələbələr komanda quraraq yarışmada iştirak edə bilərlər. Həmçinin hər bir komanda kiçik peyk modeli hazırlayaraq müsabiqəyə təqdim etməlidir. Peyk modeli müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra sensorlardan lazımi məlumatları toplamaq funksiyasını yerə eniş edənə kimi dəqiq yerinə yetirməlidir. Peyk həmin məlumatları telemetriya paketi formasında müvafiq interfeysə göndərərək təyin olunmuş missiyanı yerinə yetirməyi bacarmalıdır. Missiya dedikdə tələbələrin hazırlayacağı peykin daşıyıcıdan ayrıldıqdan sonra ayrılmanı avtonom olaraq təyin etməsi və ayrılma uğurlu olduğu halda, yer səthinin videogörüntüsünü qeydə alaraq onu daxili yaddaş kartında saxlaması nəzərdə tutulur.
Tələbələrdən ibarət komandalar B kateqoriyasını təmsil etməklə I yer 6 min manat, II yer 4 min manat, III yer 2 min manatdan ibarət mükafat fondu uğrunda mübarizəyə qoşula biləcəklər.
Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 2022-ci il fevralın 17-dir.
Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.