“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Aqrar texnologiyalar” müsabiqəsinə qeydiyyat aparılır

Bakı, 12 fevral, AZƏRTAC
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək “Aqrar texnologiyalar” (AgroTech) müsabiqəsində iştirak edən tələbə, startapçı və fərdi sahibkarlar innovativ layihə və məhsullarını uğurla təşviq etmək imkanı əldə edəcəklər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalın ən maraqlı müsabiqələrindən biri olan “AgroTech”in keçirilməsində əsas məqsəd irəli sürüləcək yeni texnologiyalarla həm əhalinin rifahının yaxşılaşdırılmasına, həm də ölkə iqtisadiyyatının inkişafına dəstək göstərməkdir.
Son illərdə kənd təsərrüfatı sahəsində ən çox müşahidə olunan problemlər meşə və bitki örtüyünün xeyli seyrəlməsi, mədən yataqlarının qeyri-adekvat istismarı, uyğun olmayan əkin dövriyyəsi, qeyri-mütənasib gübrə istifadəsi və qlobal iqlim dəyişikliyi nəticəsində məhsuldarlığın azalmasıdır.
“AgroTech” müsabiqəsinin şərtlərinə əsasən, B kateqoriyasında iştirak edən tələbələr və C kateqoriyasında iştirak edən startapçılar və fərdi sahibkarlar üçün mükafat fondu eynidir: I yer 6 min manat, II yer 4 min manat, III yer 2 min manat təşkil edir.
Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 2022-ci il fevralın 17-dir.
Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/
Xatırladaq ki, “TEKNOFEST” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]