Tələbə və kursantlar “Soyqırımı” sənədli filminə baxıblar
Naxçıvan, 31 mart, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının “Soyqırımı” adlı sənədli filmə baxışı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşan film nümayişi tələbələr və kursantlar tərəfindən maraqla qarşılanıb.
Filmdə ötən iki əsr ərzində azərbaycanlıların başına gətirilən müsibətlərdən, xalqımıza qarşı törədilmiş ağır bəşəri cinayətlərdən bəhs edilir. Qeyd olunur ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ötən əsrin əvvəllərindən başlayıb və bu iddialar soyqırımlarla müşayiət olunub. İstər 1905-1907-ci illərdə, istərsə də 1918-1920-ci illərdə Azərbaycanın əksər bölgələrində - Bakı, Naxçıvan, Quba, Şamaxı, Lənkəran, İrəvan və digər yerlərdə törədilən soyqırımı aktları buna sübutdur. Növbəti soyqırımı aktı isə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib.