Tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Bakı, 31 mart, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bakıda yerləşən ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatları və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə Quba rayonunda kütləvi məzarlığa və Quba Soyqırımı Memorial Kompleksinə səfər təşkil edib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, ekskursiya zamanı tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, kütləvi məzarlıq üzərinə tər çiçəklər düzüblər. Ziyarət zamanı kompleksin mütəxəssisləri tərəfindən iştirakçılara 1918-ci ildə baş verən hadisələr barədə ətraflı məlumat verilib, sənədlər və faktlarla tanışlıq imkanı yaradılıb.
Arxeoloqların məlumatına görə, burada kütləvi halda basdırılanlar 1918-ci ildə törədilən soyqırımının qurbanlarıdır. Aşkarlanan iki quyudan birinin diametri 5, digərininki 2,5 metrdir. Onlar arasında 2 metr məsafə var. Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıb. Böyük quyuda yüzlərlə insan skeleti var. Kiçik quyunun ağzı isə hələ açılmayıb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir. Çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Ümumilikdə isə, tədqiqat zolağında 2 arxda qazıntılar aparılıb və 196-dan artıq insanın sümüyü aşkarlanıb. Onların 50-si qadınlara, qalanları isə yaşlı və körpələrə aiddir. Bəzi kəllə sümüklərinin üzərində paslı mismarlar var, bunlar insanların ermənilər tərəfindən işgəncələrlə qətlə yetirilməsinin sübut edən dəlillərdir.
Quba məzarlığında aşkar edilən insan cəsədlərinin qalıqlarını həyəcansız nəzərdən keçirə bilməyən gənclər bəyan ediblər ki, bütün dünyaya özlərini məzlum, əzilmiş xalq kimi göstərən ermənilərin bu vəhşiliyini sübut edən videogörüntülər xarici mətbuatlarda və telekanallarda geniş şəkildə nümayiş etdirilməli və gənclərimiz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni etməlidirlər.