Tələbələr “YouthLab” proqramı vasitəsilə dövlətin gənclər üçün yaratdığı imkanlardan daha yaxşı yararlana biləcəklər
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA), Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə təqdim edilən “YouthLab” proqramı tələbə gənclərin asudə vaxtının təşkili, onların layihə və tədbirlərdə iştirakının təmin edilməsi məqsədilə həyata keçirilir. Belə ki, tələbə gənclərin ictimai fəallığının daha da artırılması, bilik və bacarıqlarının zənginləşdirilməsi məqsədilə onların təlimlərdə, xüsusən də peşəkar təlimlərdə iştirakı nəzərdə tutulur, bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov mayın 27-də mətbuata açıqlamasında bildirib. O deyib ki, proqramın digər xüsusiyyəti isə tələbələrin post-akademik həyata hazırlanmasıdır.
Proqramın həyata keçirilməsi üçün ADBTİA-da hər cür şəraitin yaradıldığını vurğulayan Fərid Cəfərov qeyd edib ki, təhsil ocağında bunun üçün ayrılmış otaqlarda gənclər müxtəlif layihələrdə iştirak etməklə yanaşı, özləri də bir sıra layihələr hazırlaya və tədbirlər həyata keçirə biləcəklər.
Gənclər Fondunun icraçı direktoru proqramın uğurlu olacağı təqdirdə onun miqyasının daha da genişləndirilməsinin və digər təhsil müəssisələrində də tətbiq olunmasının nəzərdə tutulduğunu bildirib. O, həmin platforma vasitəsilə gənclərimizin Prezident İlham Əliyevin müvafiq göstərişi ilə Gənclər Fondu tərəfindən icra olunan bir sıra proqramlarda, o cümlədən ölkə daxilində sosial həssas kateqoriyadan olan istedadlı tələbələrin təhsil xərclərinin qarşılanması, xaricdə təhsil, beynəlxalq təşkilatların təcrübə proqramlarında, eləcə də beynəlxalq tədbir və müsabiqələrlə bağlı proqramlarda iştirak edə biləcəklərini və bununla da dövlətin gənclər üçün yaratdığı imkanlardan daha yaxşı yararlana biləcəklərini vurğulayıb.