Telman Nüsrətoğlu: Azərbaycanla əməkdaşlıq Avropa üçün strateji zərurətə çevrilib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycanın artan beynəlxalq nüfuzu, enerji təhlükəsizliyində oynadığı mühüm rol və çoxtərəfli diplomatik siyasəti Avropa dövlətlərinin Bakı ilə münasibətlərə xüsusi önəm verməsini şərtləndirir. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri də məhz bu reallığın növbəti təsdiqidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan yalnız regional dövlət deyil, Avropa ilə Asiyanı birləşdirən mühüm geosiyasi və geoiqtisadi güc mərkəzidir.
“Azərbaycanın enerji resursları, Orta Dəhlizdə artan rolu, nəqliyyat-kommunikasiya imkanları və balanslı xarici siyasəti ölkənin beynəlxalq mövqelərini ciddi şəkildə gücləndirib. Bu siyasət Azərbaycana həm siyasi dividendlər, həm də yeni əməkdaşlıq imkanları qazandırıb. Qlobal geosiyasi proseslərin mürəkkəbləşdiyi indiki mərhələdə Avropa üçün Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu gün Avropa İttifaqı daxilində müəyyən ermənipərəst, türkofob və İslamofob dairələr zaman-zaman Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edirlər. Lakin bunlar daha çox müəyyən siyasi dairələrin təsiri altında formalaşan və reallıqdan uzaq yanaşmalar kimi qiymətləndirilir. Regiondakı real güc balansını görən Avropa siyasi elitası isə yaxşı anlayır ki, Azərbaycan Cənubi Qafqazın əsas güc mərkəzidir”, - deyə mərkəz sədri qeyd edib.
Telman Nüsrətoğlu vurğulayıb ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Türk dünyasında birləşdirici strateji ölkə rolunu oynayır: “Azərbaycan bütün uğurlarını qarşılıqlı maraqlara, “qazan-qazan” prinsipinə, sülhə və əməkdaşlığa söykənən siyasət nəticəsində əldə edib. Buna görə də Azərbaycanla əməkdaşlıq artıq bir çox dövlətlər üçün zərurətə çevrilib. Hazırda Avropa İttifaqı da ciddi çağırışlarla üzləşib. Avropa-Amerika münasibətlərində müşahidə olunan fikir ayrılıqları, Çinlə iqtisadi rəqabətin dərinləşməsi, sənaye və enerji sahəsində yaranan problemlər Avropanı yeni tərəfdaşlıqlara sövq edir. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyi və regional sabitlik siyasətində mühüm tərəfdaş kimi çıxış edir”.
Telman Nüsrətoğlu əlavə edib ki, İtaliya Nazirlər Şurasının sədrinin Bakıya səfəri Avropanın aparıcı dövlətlərinin Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyətin göstəricisidir.
“Bu səfər göstərdi ki, Avropanın əsas siyasi mərkəzləri regiondakı reallığı və Azərbaycanın strateji mövqeyini nəzərə almağa məcburdurlar. Azərbaycanla təzyiq və diktə dili ilə danışmağa çalışan qüvvələr nəticədə uğursuzluqla üzləşirlər. Bunun ən bariz nümunəsi Fransanın siyasətidir. Paris uzun müddət regiondakı reallıqları və beynəlxalq hüququ nəzərə almadan birtərəfli yanaşma sərgilədi. Nəticədə isə Fransa regiondakı təsir imkanlarını zəiflətdi. Bu gün Avropa İttifaqı artıq Cənubi Qafqaz siyasətini daha realist əsaslarla formalaşdırmağa məcburdur”, - deyə ekspert qeyd edib.
Müxbir-Vüqar Qurbanoğlu