TELMANKƏND KONSERV ZAVODU MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN MÜƏSSİSƏDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 8-də, Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfəri çərçivəsində Telmankənddə müasir standartlara cavab verən konserv zavodu ilə də tanış olmuşdur. Müəssisənin işçiləri dövlətimizin başçısını böyük hörmətlə qarşıladılar.
Azərbaycan Prezidentinə məlumat verildi ki, konserv zavodunun 2005-ci ilin yanvarında tikintisinə başlanmış və iyul ayında müəssisə istifadəyə verilmişdir. Zavod Siyaku kənd sakini, iş adamı Osmanağa Qurbanov tərəfindən tikilmişdir. Tikintidə yüzlərlə insan çalışmışdır, indi isə 180 nəfər daimi işlə təmin olunmuşdur. Zavod gün ərzində 300 ton tərəvəz qəbul edə bilir. İndiyədək 1200 ton pomidor emal edilmiş, 200 ton tomat pastası hazırlanmışdır. Zavod rəhbərliyi məhsul yetişdirilməsi üçün 1500 nəfəri birləşdirən 30 fermer təsərrüfatına 150 milyon manat faizsiz kredit vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev istehsal prosesi ilə tanış oldu, məhsulun çeşidi və keyfiyyəti ilə maraqlandı, müəssisədə quraşdırılmış avadanlığı yüksək qiymətləndirdi. Dövlətimizin başçısı istehsal sahəsinin genişləndirilməsinin vacibliyini vurğuladı, ən müasir texnologiyaların alınması üçün köməyin göstəriləcəyini bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Astaradan dağlar qoynunda yerləşən Lerik rayonuna yola düşdü.
Dövlətimizin başçısı yolüstü Lənkəran-Lerik avtomobil magistralının açılışında iştirak etdi. Prezidentə məlumat verildi ki, 56 kilometrlik bu yolun 50 kilometri tam hazırdır. Bu işlərin görülməsinə 10,2 milyon dollar vəsait xərclənmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin dostu Xanış Şahıyevə baş çəkərək səhhəti ilə maraqlandı, ona hədiyyə təqdim etdi.
Dövlətimizin başçısı həmin gün Lerik rayonunun mərkəzində ulu öndər Heydər Əliyevin büstünün açılışına həsr olunmuş mərasimdə iştirak etdi, ictimaiyyətin nümayəndələri qarşısında nitq söylədi.
Prezident İlham Əliyev sonra Lerik tarix-diyarşünaslıq muzeyi ilə tanış oldu, kənd təsərrüfatı məhsulları sərgisinə baxdı.
Azərbaycan Prezidenti rayona səfərinin sonunda Valeh İbrahimov adına Lerik orta internat məktəbinə gəldi. Dövlətimizin başçısı məktəbin binasının əsaslı təmirə ehtiyacı olduğunu vurğuladı və bu işlərin tezliklə görülməsi üçün lazımi tapşırıqlar veriləcəyini bildirdi.
(Lerik rayonuna səfər barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).
Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri davam edir.