TƏQAÜDÇÜ MƏHƏBBƏT İBADOVUN ÇIXIŞI
- Hörmətli cənab Prezident!
Lerik rayonuna çox xoş gəlmisiniz!
Siz bu günlərdə yaranmasının 75 illiyi tamam olan Lerik rayonuna bu müddətdə xoş məramla gələn ilk dövlət başçısısınız. Sizin buraya gəlişiniz leriklilər üçün toy-bayramdır, bütün leriklilərdə iftixar hissi doğurur.
Möhtərəm cənab Prezident, qeyd etmək istəyirəm ki, Lerik rayonu 1970-ci ilin astanasına qədər respublikanın geri qalan, az qala yaddan çıxan bir rayonu olmuşdur. 1969-cu il iyulun 14-də xalqımızın qüdrətli oğlu Heydər Əliyev rəhbərliyə gəldikdən sonra, xüsusilə Mərkəzi Komitənin məşhur avqust plenumunda Heydər Əliyevin parlaq məruzəsində irəli sürdüyü strateji proqrama uyğun olaraq, Azərbaycan Respublikasının bütün daxili potensial imkanları səfərbərliyə alındı. Respublika tarixən qısa müddət ərzində ittifaq miqyasında öncül sıralara çıxarıldı. Azərbaycan o zaman yeganə respublika idi ki, sənaye və kənd təsərrüfatında qazandığı nailiyyətlərə görə 14 dəfə ali hakimiyyət orqanlarının Keçici qırmızı bayrağını aldı.
Lerikin iqtisadi inkişafı da həmin dövrdən başlamışdır. Məhz Heydər Əliyevin qayğısı, diqqəti sayəsində o zaman Lerik rayonunda qısa müddət - cəmi 10-12 il ərzində 14 orta məktəb binası tikilib istifadəyə verildi. Qəsəbənin mərkəzində hər biri 16 ailə üçün nəzərdə tutulan 14 yaşayış binası tikildi. Uşaq bağçası tikildi, Bardavı kəndində televiziya qülləsi ucaldıldı. Həmin dövrdə bilavasitə Heydər Əliyevin göstərişi ilə rayonda 6 üzümçülük sovxozu yaradıldı, 3500 hektar üzüm bağları salındı. Yeni yollar çəkildi, körpülər salındı. Üzümçülükdən əldə olunan gəlir hesabına əhali qısa müddət ərzində varlandı, yüzlərlə ailə özünə təzə ev tikdi, minik avtomaşınları aldı. Lakin təəssüf ki, Mansur Qardaşovun iflasa uğrayan siyasəti və 1990-cı illərin əvvəlindəki məlum hadisələr nəticəsində Lerikdə biz çox şey itirdik.
Lakin Ulu Tanrıya şükürlər olsun ki, 1993-cü il 15 iyunda Azərbaycanın böyük xilaskar oğlu Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Onun hakimiyyətə qayıtmasından sonra qısa müddət ərzində Azərbaycan dövləti xilas edildi. Dövlətimizə qarşı yönəldilmiş qəsdlərin qarşısı qətiyyətlə alındı. İctimai-siyasi sabitlik, əmin-amanlıq təmin edildi. İnsanların yaratmaq-qurmaq həvəsi özlərinə qaytarıldı. Respublikada iqtisadiyyatımızın inkişafı üçün bütün istiqamətlərdə əsaslı təminat yaradıldı. Azərbaycan xalqı xoşbəxtdir ki, məhz Heydər Əliyevin həyata keçirmək istədikləri, arzuları bu gün onun layiqli davamçısı, xalqımızın sədaqətli oğlu, sevimlisi İlham Əliyev tərəfindən şərəflə, ləyaqətlə, qətiyyətlə yerinə yetirilir.
Son illərdə iqtisadiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə, xüsusilə idmana, gənclərə göstərdiyiniz qayğı, bütün xalqımız tərəfindən rəğbətlə qarşılanmışdır. Son vaxtlarda Sizin zonalarda keçirdiyiniz müşavirələrdə verilən konkret göstərişlərin və tapşırıqların yerinə yetirilməsi respublikanın həyatında qaynar bir canlanma yaratmışdır. Bu, Lerikdə də hiss olunur. Respublikanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının təsdiq olunması haqqında Fərmanınızdan sonra rayonumuzda da geniş işlər görülmüşdür. Təkcə son iki il yarım ərzində biz dörd orta məktəb binası tikmişik. Hazırda üç kəndimizdə yeni orta məktəb binaları tikilir. Qəsəbənin mərkəzi gözoxşayan dərəcədə dəyişmişdir. Küçələr, xiyabanlar yenidən qurulub, abadlaşdırılıbdır. Bütün bunlara görə, rayon ictimaiyyəti, bütün əhali Sizə minnətdarlığını bildirir. Çünki bu şəraiti Siz yaratmısınız.
Möhtərəm Prezident!
Bizim üçün gördüyünüz işlərin ən mühümü, əlbəttə ki, Lənkəran-Lerik yolunun tikintisidir. Yaşlı bir adam, uzun müddət dövlət, partiya işində çalışan bir adam kimi demək istəyirəm ki, hələ Lerikə dövlət səviyyəsində bu qədər, belə möhtəşəm qayğı göstərilməmişdir. Mən bu qayğıya görə Sizə bütün Lerik ictimaiyyətinin dərin məhəbbətini, rəğbətini bildirmək istəyirəm. Bu, Lerik camaatı üçün əvəzsiz qayğıdır. Həmin yolun tikintisi başa çatdıqdan sonra Lerikin inkişafının yeni mərhələsi başlanacaqdır.
Ona görə də, möhtərəm cənab Prezident, Sizə cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram. Müqəddəs Heydər Əliyev ideyalarının bundan sonra, qarşıdakı onilliklər ərzində, bəli, məhz onilliklər ərzində ləyaqətlə həyata keçirilməsi işində Sizə çox böyük uğurlar diləyirəm. Sizi əmin edirəm ki, həmişə dövlətimizə sədaqətli olan Lerik əhalisi göstərdiyiniz bu misilsiz qayğıya cavab olaraq, bundan sonra da Sizin ətrafınızda sıx birləşəcək, bütün göstərişlərinizi ləyaqətlə yerinə yetirəcəklər. Qarşıdan gələn seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün əllərindən gələni edəcək, bizim dövlətçiliyimizə, azərbaycançılığa sədaqətli olan namizədə səs verəcəklər.
Diqqətinizə görə çox sağ olun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi. (Dövlətimizin başçısının nitqi qəzetin bügünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
Prezident İlham Əliyev sonra rayon sakinləri ilə səmimi hal-əhval tutdu, onların qayğıları və problemləri ilə maraqlandı, şikayətlərini dinlədi. Bildirdi ki, bütün məsələlər diqqətlə araşdırılacaq və lazımi tədbirlər görüləcəkdir.