CƏMİYYƏT
Terapevt: Erkən müayinə və müalicə çox önəmlidir
Bakı, 11 dekabr, AZƏRTAC
İnsan həyatına zərərli vərdişlərin, qeyri-sağlam qidalanmanın, psixoloji və ətraf mühit faktorlarının çox ciddi təsirləri var. Sağlamlığın belə təsirlərə məruz qalmasından sonra xəstəliklər meydana gəlir. Ona görə də erkən müayinə və müalicə çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.
Onun sözlərinə görə, erkən müayinə əsasən müəyyən xəstəliyin inkişaf etməsi və ya xəstəlik əlamətlərinin ortaya çıxmasından əvvəl, hələ heç bir simptom olmadan həyata keçirilən tibbi yoxlamadır: “Həmin müayinə xroniki xəstəliklərin (şəkərli diabet, ürək xəstəlikləri, onkologiya və s) və ya genetik meyillərin (ailə üzvlərində müəyyən xəstəliklərin olması) erkən mərhələlərdə aşkar edilməsi məqsədilə aparılır”.
Terapevt bildirib ki, əgər ailə üzvlərində müəyyən xəstəliklər (ürək-damar xəstəlikləri, şəkərli diabet və s.) mövcuddursa, bu zaman erkən müayinələr xəstəliklərin inkişafının izlənilməsi və risklərin azaldılması üçün vacib ola bilər. “Eyni zamanda, bəzi xəstəliklərə yaşla bağlı daha çox rast gəlinir. Məsələn, yaşlı insanlarda xərçəng və ürək damar sistemi xəstəlikləri daha çox müşahidə olunur. Müəyyən yaş həddini keçən insanlara mütəmadi müayinələr tövsiyə edilir. Siqaret çəkən, alkoqol istifadə edən və digər pis vərdişləri olan şəxslərdə erkən müayinələr bu vərdişlərin orqanizm üzərindəki potensial mənfi təsirlərini müəyyən etmək üçün vacibdir. Xroniki, şəkərli diabet, hipertoniya, xroniki respirator və s. kimi xəstəlikləri olan şəxslər mövcud xəstəliklərin ağırlaşmaması üçün mütəmadi olaraq erkən müayinələrdən keçməlidirlər”, - deyə o əlavə edib.
Sonda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti qeyd edib ki, erkən müayinə üçün qanın ümumi analizi, şəkər, xolesterin və lipid profili üçün qan testi, böyrək və qaraciyər funksiyası testlərindən keçmək lazımdır. Bundan əlavə, exokardioqramma, elektrokardioqramma, rentgenoqrafiya, qadınlar üçün mamoqrafiya və ya “Pap smear”, osteoporoz riskini təyin etmək üçün test, həmçinin kişilər üçün PSA (Prostat Spesifik Antigen) testindən keçmək tövsiyə olunur.