TƏRƏFLƏR ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIRLAR
Ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin nümayəndə heyəti yanvarın 24-də Milli Məclisdə Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.
Milli Məclisin deputatı, dostluq qrupunun üzvü Elton Məmmədov qonaqları səmimi salamlamış, ölkələrimiz arasında dostluq əlaqələrinin tarixindən danışmışdır. O, Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafında dövlətlərimizin başçılarının rolunu, eləcə də hökumətlər və parlamentlər səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi vurğulamış, ölkəmizin Bolqarıstanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırmışdır.
Sonra E.Məmmədov Milli Məclisin fəaliyyəti, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi və siyasi islahatlar, bu işdə parlamentin rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəbləri, acı nəticələri, rəsmi Bakının problemin həlli ilə bağlı nümayiş etdirdiyi mövqe barədə qonaqlara ətraflı məlumat vermişdir.
Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, nümayəndə heyətinin başçısı Rəmzi Osman səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq etmiş, ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulamışdır.
Qonaq demişdir ki, Bolqarıstanda Azərbaycana böyük maraq vardır. Səfərdən məqsəd əlaqələrimizin daha da inkişafına nail olmaq üçün parlamentlərin rolunu müzakirə etməkdir.
Daha sonra görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, qanunverici orqanlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.