CƏMİYYƏT
TERRORİZMLƏ MÜBARİZƏYƏ DAİR FORUM ÖZ İŞİNİ BAŞA ÇATDIRDI
Martın 27-28-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının birgə təşəbbüsü, ATƏT-in Parlament Assambleyası və Avropa Parlamenti ilə əməkdaşlıq şəraitində keçirilmiş terrorizmlə mübarizəyə dair parlamentlərarası forum öz işini başa çatdırmışdır.
AŞPA-nın rəhbəri Peter Şiderin sədrliyi ilə keçən yekun iclasında terrorizmlə mübarizə ilə əlaqədar bir gün əvvəl müzakirə olunmuş məsələlər barədə “dəyirmi masa” sədrlərinin hesabatları dinlənilmişdir.
Forumun yekunlarına dair qəbul edilmiş “Yekun bəyannaməsi” ndə iştirakçılar terrorizmin bütün təzahürlərini qəti surətdə pisləyir və əmin olduqlarını bildirirlər ki, terrorizm aktları bütün dünyada cinayət kimi qiymətləndirilməlidir. Sənəddə terrorizmlə mübarizənin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması işində çox mühüm rol oynadığı bildirilir, AŞ-nin, ATƏT-in və MDB-nin üzvü olan dövlətlərin terrorizmlə mübarizədə səylərinin əlaqələndirilməsinin zəruriliyi, habelə terrorizmlə mübarizədə hüquqi əməkdaşlığın intensivləşdirilməsi və s. sahələrdə antiterror qanunvericiliyinin işlənib hazırlanmasının, insan hüquqlarının qorunmasının, demokratiyanın möhkəmləndirilməsinin, sosial ədalətin yaxşılaşdırılmasının, sivilizasiyalar və dinlər arasında dialoqun gücləndirilməsinin vacibliyi vurğulanır.
Bəyannamədə terrorizmlə mübarizə sahəsində parlament qurumları səviyyəsində gələcək əməkdaşlığın perspektivləri də öz əksini tapmışdır.
Forumun təşkilat komitəsinin rəhbəri, RF Dövlət Dumasının sədri Gennadi Seleznyov yekun sözündə bu beynəlxalq forumun tarixi hadisə kimi mühüm əhəmiyyətə malik olduğunu vurğulamış və müasir dünyanın aktual problemlərinin həllinə öz töhfəsini verdiklərinə görə forum iştirakçılarına təşəkkür etmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq