TƏRTƏRDƏ CARİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Tərtər, 29 aprel (AZƏRTAC). Tərtər Rayon İcra Hakimiyyətində 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Nazirlər Kabinetinin iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələrin icrası, 2009-cu ilin ilk rübündə rayonda görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etmişdir.
Bildirmişdir ki, birinci rübdə rayonda ümumi məhsul buraxılışının həcmi 9,2 milyon manat, sənaye məhsulu istehsalı 740,7 min manat, kənd təsərrüfatının ümumi məhsulu 2,4 milyon manat, nəqliyyat sektorunda yükdaşımaların həcmi 97 min ton, poçt və rabitə xidmətlərinin həcmi 92,4 min manat, əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsinin həcmi 17,7 milyon manat, pullu xidmətlərin həcmi 2,4 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi 135,5 min manat olmuşdur.
Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulu istehsalı 10,3 faiz, poçt və rabitə xidmətlərinin həcmi 11,3 faiz, pərakəndə əmtəə dövriyyəsinin həcmi 5,6 faiz, pullu xidmətlərin həcmi 17,2 faiz artmışdır.
Üç ayda emal sənayesi üzrə 119,3 ton mahlıc, 2,7 ton plastik boru, mədənçıxarma sənayesi üzrə 532 ton qum, 373 ton çınqıl, fiziki şəxslər tərəfindən 75 ton çörək-bulka və şirniyyat məhsulları istehsal edilmişdir.
Cari ilin məhsulu üçün 19 min 130 hektar sahədə buğda əkilmişdir ki, bu da ötən ildəkindən 7 min hektar çoxdur. Aprelin 1-dək 1141 hektar sahədə yazlıq bitkilər, o cümlədən 48 hektarda paxlalılar, 21 hektarda qarğıdalı, 255 hektarda çoxillik əkmələr, 149 hektarda günəbaxan, 301 hektar kartof, 346 hektarda tərəvəz, 21 hektarda şəkər çuğunduru əkilmişdir.
Birinci rübdə rayonda 23 min 417 baş mal-qara, 65 min 493 baş qoyun və keçi olmuşdur. Ötən ilin müvafiq dörü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 2,8 faiz, qoyun və keçilərin sayı 0,7 faiz artmışdır. Diri çəkidə 434 ton ət, 2 min 465 ton süd və 910 min ədəd yumurta istehsal edilmişdir. 2008-ci ilnin müvafiq dövrünə nisbətən ət istehsalı 0,5 faiz, süd istehsalı 0,2 faiz, yumurta istehsalı 7,1 faiz artmışdır.
2009-cu ilin birinci rübündə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
Rüb ərzində xüsusi mülkiyyətə əsaslanan 2 yeni müəssisə yaradılmış, Xan arxının üzərində qum-çınqıl karxanası və yaşayış məntəqələrində 5 ədəd xidmət obyekti tikilib istifadəyə verilmiş, Buruc kəndi ərazisində inşa edilən və gündəlik emal gücü 10 ton olan sud zavodunun tikintisi davam etdirilmişdir.
Hesabat dövründə məşğulluq mərkəzi tərəfindən 32 nəfər iş axtaran vətəndaş müəssisə və təşkilatlarda işlə təmin olunmuşdur.
Rayonda 2005-ci ildən başlanmış tikinti-abadlıq və quruculuq işləri cari iln birinci rübündə də sürətlə davam etdirilmişdir.
Hesabat dövründə rayonda sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 135,5 min manat məbləğındə investisiya yönəldilmişdir. Rayonda fəaliyyət göstərən 3 tikinti təşkilat tərəfindən 939,4 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar rayon sakinləri rüb ərzində şəhərin küçə və meydanlarına, parklara, yol kənarlarına 125 mindən çox müxtəlif ağac və gül kolları əkmiş, 3500 kvadratmetr sahədə yaşıllıq sahəsi yaratmışlar.
Yığıncaqda çıxış edənlər görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.